2025-ci ildə Amerika Birləşmiş Ştatlarının ticarəti üzrə kəsiri rekord həddə – 1,24 trilyon ABŞ dollarına yüksəlib. Məlumat ABŞ Siyahıyaalma Bürosunun statistik göstəricilərinə əsaslanır.
Hesabata gör, ABŞ-ın ən böyük 15 ticarət tərəfdaşı ilə formalaşan kəsir ümumi mal ticarəti kəsirinin böyük hissəsini təşkil edir. İlk beş ölkə ümumi kəsirin təxminən 67 faizini əhatə edir.
Siyahıya 202,1 milyard dollarla Çin başçılıq edir. Bununla belə, illik müqayisədə Çinlə kəsir 32 faiz azalıb. İkinci yerdə 196,9 milyard dollarla Meksika (illik artım 15 faiz), üçüncü yerdə isə 178,2 milyard dollarla Vyetnam (artım 44 faiz) qərarlaşıb. Bu üç ölkə birlikdə ümumi kəsirin 46 faizini təşkil edir.
Növbəti yerlərdə Tayvan (146,8 milyard dollar, illik artım 99 faiz) və İrlandiya (114,2 milyard dollar, artım 32 faiz) qərarlaşıb. ABŞ-ın Tayvanla ticarət kəsiri bir il ərzində demək olar ki, iki dəfə artıb.
İlk onluqda həmçinin Almaniya (73 milyard dollar), Tailand (71,9 milyard dollar), Yaponiya (63,9 milyard dollar), Hindistan (58,2 milyard dollar) və Cənubi Koreya (56,4 milyard dollar) yer alıb. Siyahıda Kanada, İsveçrə, Malayziya, İtaliya və İndoneziya da mövcuddur.
Analitiklər qeyd edirlər ki, yarımkeçiricilər, avtomobillər və istehlak elektronikası kimi məhsullar üzrə idxal həcmi ABŞ-ın qlobal istehsal zəncirləri ilə sıx inteqrasiyasını göstərir. Eyni zamanda, Vaşinqton ikitərəfli ticarət kəsirlərini azaltmaq məqsədilə tariflərdən əsas siyasət aləti kimi istifadə edir.
Mütəxəssislər vurğulayırlar ki, ticarət kəsiri özü-özlüyündə mütləq mənfi göstərici sayılmır və güclü daxili tələbatın əlaməti ola bilər. Bununla yanaşı, ABŞ mallar üzrə böyük kəsirə malik olsa da, xidmətlər – maliyyə, texnologiya və əqli mülkiyyət sahələrində adətən müsbət saldo nümayiş etdirir.
MONETAR.AZ