Anbarlarda yığılan milyonlar: istehsal artır, yoxsa satış dayanır?

Anbarlarda yığılan milyonlar:

Azərbaycan sənayesində son statistika maraqlı və eyni zamanda düşündürücü mənzərə yaradır. Rəqəmlər göstərir ki, bəzi sahələrdə istehsal davam etsə də, məhsulların əhəmiyyətli hissəsi satışa çıxmadan anbarlarda qalır. Bu isə iqtisadi aktivliyin keyfiyyəti ilə bağlı suallar doğurur.

Yanvar ayında 14,5 min ton bentonit istehsal olunub. Lakin fevralın 1-nə olan məlumata görə anbarlarda 240,4 min ton hazır məhsul qalıb. Bu o deməkdir ki, mövcud ehtiyat aylıq istehsaldan təxminən 16 dəfə çoxdur. Belə kəskin fərq ya daxili və xarici bazarda tələbin zəiflədiyini, ya da ixrac və logistika kanallarında problemlərin mövcud olduğunu göstərir. Hər iki halda nəticə eynidir – istehsal olunan məhsul dövriyyəyə daxil olmur və müəssisənin pul axını zəifləyir.

Oxşar vəziyyət mis konsentratında da müşahidə edilir. Yanvar ayında 1337,5 ton istehsal edildiyi halda, anbarlarda 2938,2 ton hazır məhsul mövcuddur. Bu isə ehtiyatın istehsaldan təxminən 2,2 dəfə çox olması deməkdir. Belə göstərici satış tempinin istehsal sürəti ilə uyğunlaşmadığını göstərir. Əgər bu tendensiya davam edərsə, müəssisələr istehsal planlarını azaltmağa məcbur qala bilərlər.

Sənaye müəssisələrinin anbarlarında ümumilikdə 968 milyon manatlıq hazır məhsulun qalması artıq təkcə müəssisədaxili məsələ deyil, makroiqtisadi göstəricidir. Bu məbləğ dövriyyə vəsaitlərinin bir hissəsinin “dondurulmuş” vəziyyətdə qalmasına səbəb olur, kredit yükünü artıra və yeni investisiya imkanlarını məhdudlaşdıra bilər. Məhsul satılmadıqca kapital iqtisadi dövriyyədə iştirak etmir.

Hazır məhsul ehtiyatlarının bölgüsü də sənayedə regional disbalansı ortaya qoyur. Ehtiyatların 44,6 faizi Bakının, 12,4 faizi isə Sumqayıtın payına düşür. Beləliklə, ümumi sənaye ehtiyatlarının 57 faizi bu iki şəhərdə cəmləşib. Gəncə və Şirvan kimi sənaye ənənəsi olan şəhərlərdə göstəricilərin aşağı olması regionlarda sənaye aktivliyinin qeyri-bərabər paylandığını göstərir.

Rəsmi rəqəmlər qaz hasilatında artım və bəzi sahələrdə müsbət dinamikanı göstərsə də, qiymətli metallar və tikinti materialları sektorunda geriləmə, eyni zamanda anbar ehtiyatlarının artması sənayedə struktur problemlərin mövcudluğuna işarə edir. Mövcud tendensiya davam edərsə, istehsal və satış zəncirində əlavə çətinliklərin yaranması istisna deyil.

MONETAR.AZ