Beynəlxalq reytinq agentliyi Moody’s 2026–2027-ci illərdə Azərbaycan iqtisadi artımının sürətlənəcəyini proqnozlaşdırır. “Azərbaycanın bank sistemi: perspektivlər” adlı hesabatda qeyd olunur ki, bu dövrdə ölkənin real ÜDM artımı 2,5–3% səviyyəsində gözlənilir. Müqayisə üçün: 2025-ci ildə bu göstəricinin 1,5%, 2024-cü ildə isə 4,1% olması gözlənilir.
Agentliyin qiymətləndirməsinə görə, artımın əsas drayveri bank əməliyyatlarının böyük hissəsini təşkil edən qeyri-neft sektorunun dayanıqlı inkişafı olacaq. Bu isə kreditləşmənin genişlənməsi, aktivlərin keyfiyyətinin qorunması və bank sektorunun gəlirliliyinin saxlanılması üçün əlverişli şərait yaradacaq.
Qeyd edək ki, Moody’s daha əvvəl proqnozlarını bir qədər fərqli təqdim etmişdi: 2026-cı il üçün ÜDM artımı 3%, 2027-ci il üçün isə 2,5% səviyyəsində gözlənilirdi.
Analitiklərin fikrincə, iqtisadiyyata əlavə dəstək nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı, Qarabağ və Şərqi Zəngəzur bölgələrində bərpa işləri, həmçinin bərpa olunan enerji layihələrinin icrası hesabına təmin olunacaq.
Agentlik vurğulayır ki, bərpa olunan enerji sahəsində həyata keçirilən layihələr artıq külək və günəş elektrik stansiyalarının tikintisinə xarici investisiyaların cəlb olunmasına töhfə verib.