Çində idxal logistikasına tələbat 10 ayda 0,6 faiz azalıb

Çində idxal logistikasına tələbat 10 ayda

Çində 2026-cı ilin yanvar-oktyabr aylarında idxal logistikasına tələbat illik müqayisədə 0,6% azalıb. Çin Logistika və Satınalmalar Federasiyasının (CFLP) məlumatına görə, ilk doqquz ayda geriləmə 0,2% təşkil edib.

İlin əvvəlində 9,6% artım göstərən idxal logistikası üzrə dinamika sonrakı aylarda zəifləyib və mənfi zonaya keçib. Azalma əsasən enerji daşıyıcılarının tədarükündə qeydə alınıb. Belə ki, 10 ayda xam neft idxalı logistikasının həcmi 15,1%, neft emalı məhsullarının idxalı isə 20,6% azalıb.

Bunun əksinə, yüksək texnologiyalı məhsulların idxal dəyəri eyni dövrdə 44,4% artıb. Bu, Çinin idxal strukturunda enerji resurslarına tələbatın zəiflədiyini, texnologiya məhsullarına marağın isə yüksəldiyini göstərir.

Daxili tələbin zəifliyi və daşınmaz əmlak bazarındakı böhran Çin iqtisadiyyatına təzyiq göstərməkdə davam edir. İxracın nisbətən dayanıqlı qalmasına baxmayaraq, idxal logistikasındakı geriləmə iqtisadi bərpanın davamlılığı ilə bağlı narahatlıqları artırır.

MONETAR.AZ