S&P Global Ratings Fransanın A+ səviyyəsində olan kredit reytinqini dəyişməz saxlayaraq onun üzrə proqnozu “neqativ”ə dəyişib. Bloomberg yazır ki, qərara ölkədə zəif iqtisadi artım, büdcə kəsiri və siyasi qeyri-sabitlik təsir göstərib.
Fransanın kredit reytinqi üzrə neqativ proqnoz artıq üç böyük beynəlxalq reytinq agentliyinin hamısında qüvvədədir. Fitch Ratings də ötən ay öz proqnozunu dəyişmişdi.
S&P Fransanın dövlət borcunun artmasını zəif iqtisadi artım perspektivləri və büdcə kəsirinin azaldılması ilə bağlı siyasi konsensusun olmaması ilə əlaqələndirib.
Fransa hakimiyyəti 2026-cı ildə büdcə kəsirini ÜDM-in 5%-nə endirməyi planlaşdırsa da, hazırda göstəricinin 5,4% və ya daha yüksək olacağı gözlənilir. S&P 2027-ci ildə kəsirin ÜDM-in 5,3%-i səviyyəsində qalacağını, iqtisadi artımın isə cəmi 0,6% təşkil edəcəyini proqnozlaşdırır.
Büdcə xərclərinin azaldılması hökumət üçün ciddi siyasi problemə çevrilib. Azlıq hökuməti parlamentdə kifayət qədər dəstəyə malik deyil və 2027-ci il büdcəsinin qəbulu ilə bağlı çətinliklərlə üzləşir. Sənədin gələcək seçkilərdən sonra yenidən nəzərdən keçirilməsi də istisna edilmir.
S&P xəbərdarlıq edib ki, büdcə kəsiri əhəmiyyətli dərəcədə azaldılmasa və iqtisadi artım proqnozlaşdırılan səviyyədən aşağı qalsa, Fransanın kredit reytinqi endirilə bilər. Maliyyə naziri Rolan Leskür qərarın büdcə kəsirini 5%-ə qədər azaltmaq üçün sənədin təcili qəbul edilməsinin vacibliyini göstərdiyini bildirib.
Agentlik, həmçinin siyasi parçalanmanın 2027-ci il prezident seçkilərindən sonra da davam edə biləcəyini və bunun iqtisadi siyasətin effektivliyini məhdudlaşdıracağını qeyd edib.
Qeyd edək ki, noyabrın 27-də Avropanın üç əsas fond indeksi yüksəlişlə bağlanıb. S&P-nin qərarı həftəsonu açıqlanıb və onun Avropa bazarlarına təsiri növbəti ticarət sessiyasında bəlli olacaq.
MONETAR.AZ