Qida sənayesində istehsal satışla uzlaşmır

Qida sənayesində istehsal

2026-cı ilin yanvar ayında Azərbaycanda qida, içki və tütün məmulatları sektorunda istehsal və satış arasında ciddi disbalans müşahidə olunub. Rəsmi statistik göstəricilər göstərir ki, bəzi məhsulların istehsalı azalmasına baxmayaraq, anbarlarda yığılmış ehtiyatlar aylıq buraxılışı bir neçə dəfə üstələyir. Bu vəziyyət istehsalçıların məhsulu bazara vaxtında çıxara bilməməsi və satış prosesində problemlərin mövcudluğunu ortaya qoyur.

Meyvə-tərəvəz konservləri üzrə yanvar ayında 782 ton məhsul istehsal olunub, anbarlarda isə 91,8 min ton hazır məhsul qalıb. Duru bitki yağlarında aylıq istehsal 2190,6 ton olub, anbarlarda isə 4,5 min tondan çox ehtiyat mövcuddur. Meyvə şirələrinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 44,5 faiz azalmasına baxmayaraq, anbarlarda istehsaldan 5 dəfə çox, yəni 105,9 min dekalitr məhsul gözləyir. Bu göstəricilər istehsal və satış arasında ciddi uyğunsuzluğun olduğunu göstərir.

Strateji ərzaq məhsullarında da azalma müşahidə edilir. Şəkər və qənd istehsalı 62 faiz azalaraq 8,7 min ton təşkil edib. Makaron istehsalı 14,8 faiz geriləyib, qida duzu istehsalında isə 11,1 faiz azalma qeydə alınıb. Bu, daxili bazarda təklifin azalması və idxal asılılığının artması riskini gündəmə gətirir.

Süd məhsulları sektorunda isə kərə yağı istehsalı 14 faiz artıb, lakin pendir və kəsmik istehsalı 13,2 faiz azalıb. Bu, xammalın alternativ məhsullara yönəldilməsi və bazar tələbində dəyişikliklərlə izah edilir. İçki sektorunda spirtli məhsullar üzrə azalma müşahidə olunub. Araq istehsalı 10,6 faiz, şərab 19,3 faiz, viski və brendi isə 14,8 faiz azalıb. Eyni zamanda, pivə istehsalı 3,6 faiz, şirinləşdirilməmiş suların istehsalı isə 18,3 faiz artıb ki.

Tütün sənayesində siqaret istehsalı 38,1 faiz artıb, lakin anbarlarda 1,2 milyard ədəd məhsul qalması satış tempinin istehsal artımına uyğun olmadığını göstərir. Ümumilikdə, yanvar ayının nəticələri qida və içki sektorunda istehsalın bir sıra istiqamətlərdə bazar tələbi ilə uzlaşmadığını ortaya qoyur. Xüsusilə konserv, şirə və tütün məmulatları üzrə yüksək anbar ehtiyatları dövriyyə vəsaitlərinin iqtisadiyyata cəlb olunmadan qalmasına səbəb olur. Strateji məhsullarda istehsalın azalması isə yaxın aylarda daxili bazarın təminatı baxımından əlavə risklər yaradır.

MONETAR.AZ