Yaponiya məhsullarına 15 faiz gömrük rüsumu tətbiq olunacaq

ABŞ Prezidenti Donald Tramp ABŞ-Yaponiya Ticarət Sazişini rəsmən qüvvəyə mindirən fərmanı imzalayıb. Bu fərmanla, ABŞ bazarına daxil olan demək olar ki, bütün Yaponiya məhsullarına 15% əsas gömrük rüsumu tətbiq olunacaq.
Ağ Ev tərəfindən yayımlanan fərmanda iyul ayında Yaponiya ilə əldə olunan çərçivə sazişi bir daha xatırladılıb. Qeyd olunub ki, sazişin əsas müddəası Yaponiya məhsullarına tətbiq edilən 15% gömrük rüsumu ilə yanaşı, avtomobil, avtomobil hissələri, aviasiya, generik dərmanlar və təbii sərvətlər kimi sektorlar üçün xüsusi tənzimləmələrin də mövcud olmasıdır.
Fərmanda bu addımın Yaponiya ilə olan ticarət kəsirinin azaldılmasına və ABŞ-ın ümumi ticarət mövqeyinin daha balanslı olmasına kömək edəcəyi vurğulanır. Eyni zamanda, Yaponiya üçün də Amerikanın istehsalat, aviasiya, kənd təsərrüfatı, ərzaq, enerji, avtomobil və sənaye malları istehsalçılarına əsas sektorlarda "inqilabi" bazar girişi imkanları yaranacağı bildirilir.
Sazişə əsasən, Yaponiya ABŞ-dan düyü idxalını 75% artıracaq, habelə qarğıdalı, soya, gübrə və bioyanacaq kimi kənd təsərrüfatı və enerji məhsullarını ildə 8 milyard dollarlıq həcmdə alacaq. Bundan əlavə, Yaponiya ABŞ-da istehsal olunan və təhlükəsizlik sertifikatları olan nəqliyyat vasitələrini əlavə sınaqlara ehtiyac olmadan satışa qəbul edəcək, həmçinin ABŞ-dan ticarət təyyarələri və müdafiə avadanlıqları satın alacaq.
Fərmanda Yaponiyanın ABŞ-a 550 milyard dollarlıq investisiya qoymağı qəbul etdiyi də diqqətə çatdırılır. Bu investisiyaların ABŞ hökuməti tərəfindən seçiləcəyi və ölkədə məşğulluq və istehsal artımını təmin edəcəyi bildirilir. ABŞ, Yaponiyanın bu öhdəlikləri yerinə yetirib-yetirmədiyini yaxından izləyəcək və öhdəliklərin pozulması halında əlavə tədbirlər görə bilər.
Tramp iyul ayında verdiyi açıqlamada Yaponiya ilə ticarət sazişinin tamamlandığını bildirmiş və bu sazişi "bəlkə də indiyə qədər imzalanmış ən böyük saziş" kimi xarakterizə etmişdi.
MONETAR.AZ