ABŞ və Avropa İttifaqı arasında Ticarət Razılaşması süquta uğrayır

“The Wall Street Journal” (WSJ) yazır ki, ABŞ və Aİ arasında iyul ayında əldə edilmiş ticari atəşkəs təhlükə alyındadır. ABŞ-ın tətbiq etdiyi polad tarifləri ilə bağlı artan narazılıq fonunda Avropalı avadanlıq istehsalçıları arasında kəskin etiraz dalğası böyüyüb. WSJ-nin məlumatına görə, müqavilənin imzalanmasından iki ay keçməmiş avropalı istehsalçılar yeni bürokratik əngəllərdən şikayət etməyə başlayıblar. ABŞ-a tədarükləri dayandıraraq müqavilənin yenidən müzakirəsini tələb ediblər. Buna səbəb ABŞ prezidenti Donald Trampın administrasiyasının metallara 50%-lik rüsumlar gətirməsi olub ki, bu polad və alüminiumdan ibarət yüzlərlə əlavə məhsulun mövcud siyahıya daxil edilməsi olub. Qəzet qeyd edir ki, nəticədə bir çox Avropa şirkətləri əvvəllər razılaşdırılmış 15%-dən xeyli yüksək tariflərlə üzləşirlər.
ABŞ-ın tətbiq etdiyi polad və alüminium tarifləri əvvəlcə yalnız metalların özlərinə və əsasən vintlər kimi metal hissələrinə tətbiq edilsə də, indi onlar mühərriklər, nasoslar, dəzgahlar və tikinti avadanlığı kimi məhsullara şamil edilir. Aİ-dən ABŞ-a tədarük edilən avadanlığın təxminən 30%-i məhsulların tərkibində metal olduğuna görə 50%-lik rüsumlara məruz qalıb.
Avropa Parlamentində bunula bağlı narazılıqlar artır. Parlamentin ticarət komitəsinin rəhbəri, alman siyasətçisi Bernd Lange qeyd edib ki, deputatlar iyul razılaşmaları çərçivəsində bir sıra Amerika mallarına tətbiq edilən rüsumların ləğvini və ya azaldılmasını nəzərdə tutan qanun layihəsinə düzəlişlər tələb edə bilərlər.
"İndi niyə Aİ Amerika motosikletlərinə sıfır rüsum təyin etməlidir? Avropa istehsalçıları 15%-dən əlavə, həm də polad və alüminium üçün rüsum ödəməlidir" deyə Lange bildirib.
Metal rüsumlarının genişləndirilməsindən sonra Krone Group ABŞ-a ixracı və bazar üçün istehsalı dayandırıb. Nəşrin məlumatına görə, şirkət cari tədarükləri Meksika və Kanadaya yönləndirmək imkanını nəzərdən keçirir.
MONETAR.AZ