Bankların "baş ağrısı" - sahibkarların problemli kreditləri artır

Azərbaycanın bank sektorunda problemli kreditlər məsələsi yenidən gündəmdədir. Xüsusilə də biznes kreditləri portfelindəki pisləşmə dinamikası narahatlıq doğurur. Mərkəzi Bankın açıqladığı son məlumatlara əsasən, 2024-cü ilin avqust ayının 1-nə olan vəziyyətə görə, problemli biznes kreditlərinin həcmi 446,9 milyon manata çataraq, ötən ilin eyni dövrü ilə müqayisədə 9% (36,8 milyon manat) artıb.
Bu seqmentdə artım tendensiyası ilin əvvəlindən bəri daha da sürətlənib. Ötən ilin sonuna (374,8 mln. manat) nəzərən portfel 72,1 milyon manat (19,2%) böyüyüb. Təkcə son bir ayda isə (iyula nəzərən) 16,1 milyon manat (3,7%) artım qeydə alınıb.
Müqayisə üçün qeyd edək ki, problemli biznes kreditləri portfeli ötən ilin eyni dövründə 410,1 milyon manat, ötən ilin sonunda 374,8 milyon manat, bu ilin iyulun 1-də isə 430,8 milyon manat təşkil edirdi.
Problemli kreditlərin ümumi biznes kreditləri portfelindəki payı isə 3 faizə yüksəlib. Bu, ötən ilin eyni dövrü (2,9%) ilə müqayisədə 0,1 faiz bəndi artım deməkdir. Artım ötən ilin sonu (2,5%) ilə müqayisədə daha kəskin olub – 0,5 faiz bəndi. Yalnız son bir ayda isə portfelin keyfiyyəti 0,2 faiz bəndi pisləşib.
İqtisadçı-ekspertlər bu artımın bir neçə əsas səbəbinin olduğunu qeyd edirlər. Onların fikrincə, vaxtı keçmiş kreditlərin artımında makroiqtisadi amillər, xüsusilə də yüksək inflyasiya və faiz dərəcələrinin yuxarı səviyyədə olması mühüm rol oynayır. Bildirilir ki, xüsusilə kiçik və orta biznesin gəlirləri artan xərcləri ödəməyə kifayət etmədikdə, borcların qaytarılmasında çətinliklər yaranır.
Problemli kreditlərin artımı əsasən, son dövrlərdə biznes aktivliyinin gözlənilən səviyyədə olmaması ilə bağlıdır. İnflyasiyanın təsiri nəticəsində əməliyyat xərcləri artan müəssisələr üçün borc öhdəliklərini yerinə yetirmək daha da çətinləşir. Bu vəziyyət, xüsusilə tikinti, ticarət və xidmət sektorundakı bəzi şirkətlərdə daha qabarıq müşahidə olunur.
Digər maliyyə analitikləri isə məsələyə bankların kredit siyasəti prizmasından yanaşır. Onların fikrincə, bəzi hallarda kreditlərin verilməsi zamanı risklərin adekvat qiymətləndirilməməsi də problemli portfelin böyüməsinə təsir edir. Analitiklər bildirirlər ki, banklar kredit vermə prosesində daha ehtiyatlı olmalı, biznesin maliyyə sağlamlığını və gələcək proqnozlarını dərindən təhlil etməlidirlər.
Bankların öz daxili risk menecmenti sistemlərini gücləndirməsi vacibdir. Vaxtı keçmiş kreditlərin əhəmiyyətli hissəsi zəmanətsiz kreditlərin payına düşür. Bu halda, borcalanın ödəniş qabiliyyəti ilə bağlı dəqiq məlumatların olmaması riskləri artırır.
Mütəxəssislərin fikrincə, problemin həlli üçün kompleks yanaşma tələb olunur. İlk növbədə, biznes kreditlərinin yenidən qurulması və ya restrukturizasiyası imkanları araşdırılmalıdır. Bu, borclu şirkətlərə müəyyən müddətlik "nəfəs almaq" imkanı verə, onların fəaliyyətlərini bərpa etməsinə kömək edə bilər.
İkinci vacib məqam, bankların mikro və kiçik sahibkarlığa yönələn kreditlərini daha yaxşı sığortalamasıdır. Dövlət dəstəyi ilə həyata keçirilən kredit zəmanəti mexanizmlərinin genişləndirilməsi, riskləri həm banklar, həm də borcalanlar üçün azaltmaq potensialına malikdir.
Ekspertlər həmçinin, Mərkəzi Bankın bank sektoruna nəzarətini gücləndirməsinin, kredit risklərinin qiymətləndirilməsinə dair daha sərt qaydalar tətbiq etməsinin vacibliyini qeyd edirlər. Nəzarətin artırılması bankların daha sağlam və davamlı kredit portfeli formalaşdırmasına təkan verə bilər.
MONETAR.AZ