Qlobal bazarlarda dövlət istiqrazları Yaxın Şərqdə davam edən müharibənin dünya iqtisadiyyatına təsir edəcəyi ilə bağlı narahatlıqlar fonunda bahalaşmağa başlayıb. İnvestorların iqtisadi artımın zəifləyəcəyi ehtimalını qiymətləndirməsi istiqrazlara tələbi artırıb.
Xüsusilə Asiya bazarlarında neft qiymətlərinin artması və mümkün yanacaq qıtlığı ilə bağlı gözləntilər ABŞ, Avstraliya və Yaponiya dövlət istiqrazlarının dəyərinin yüksəlməsinə səbəb olub. Son həftələrdə inflyasiya qorxuları səbəbindən satış təzyiqi altında olan bu alətlər yenidən “təhlükəsiz liman” kimi cəlbedici olmağa başlayıb.
Makkuari Qrupunun strateqi Qaret Berri bildirib ki, bazar iştirakçıları müharibənin uzanacağı təqdirdə yaxın aylarda qlobal iqtisadiyyatın hansı vəziyyətə düşəcəyini qiymətləndirməyə çalışırlar. Onun sözlərinə görə, iqtisadiyyatların dayanması riski artıq pandemiya dövrü ilə müqayisə olunur, lakin bu dəfə əsas risk yanacaq çatışmazlığıdır.
ABŞ dövlət istiqrazlarında da gəlirlilik azalıb. İki illik istiqrazların gəlirliliyi 3,88%-ə, 10 illik istiqrazların gəlirliliyi isə 4,39%-ə düşüb. Eyni zamanda Avstraliya və Yaponiya istiqrazlarında da oxşar azalma qeydə alınıb.
Blumberq Markets Layv strateqi Qarfild Reynoldz qeyd edib ki, investorlar əvvəlcə müharibənin inflyasiyaya təsirini qiymətləndirsələr də, indi diqqət daha çox iqtisadi artımın zəifləməsinə yönəlib.
Digər tərəfdən, Apollon Qlobal Menecmentin baş iqtisadçısı Torsten Slok hesab edir ki, ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi hazırkı səviyyədən xeyli aşağı – təxminən 3,90% civarında olmalıdır.
MONETAR.AZ