Qadınlar maliyyə gələcəyi ilə bağlı daha çox narahatdırlar

Qadınlar maliyyə gələcəyi ilə bağlı

Statista Consumer Insights tərəfindən 2024-cü ilin oktyabrından 2025-ci ilin sentyabrına qədər aparılan sorğu göstərir ki, dünyanın əksər ölkələrində qadınlar kişilərə nisbətən maliyyə gələcəklərindən daha çox narahat olurlar. Bunun əsas səbəbləri qadınların bir çox ölkələrdə kişilərlə müqayisədə daha az maliyyə müstəqilliyinə sahib olması, əmək bazarında daha çox maneə ilə üzləşməsi və övlad, yaşlı qohumlara qulluq kimi ödənişsiz ev işlərinin böyük hissəsini üzərlərinə götürməsidir. Bu amillər qadınların təhlükəsizliyi, uğuru və rifahında maliyyə məsələlərinin həlledici rol oynamasına səbəb olur.

Sorğu aparılan 27 ölkədən 22-də qadınların maliyyə gələcəyi ilə bağlı nigarançılığı kişilərdən daha yüksək olub. Ən böyük fərq Finlandiyada qeydə alınıb: qadınların 51 faizi, kişilərin isə yalnız 32 faizi maliyyə gələcəyi barədə narahat olduğunu bildirib. Fransada və Avstraliyada bu fərq 10 faiz bəndi təşkil edib.

Meksika, Filippin və Tailandda qadın və kişilər eyni dərəcədə narahatdırlar. İtaliya və Kolumbiyada isə əksinə, kişilər qadınlardan daha çox narahat olduqlarını bildiriblər. Ümumilikdə Asiya ölkələrində narahatlıq fərqləri daha kiçik, ingilisdilli ölkələrdə isə daha böyük müşahidə olunub.

Sorğu həmçinin göstərib ki, 27 ölkənin 19-da qadınlar şəxsi maliyyə vəziyyətləri barədə kişilərə nisbətən bir qədər az məlumatlı olduqlarını düşünüblər. Lakin yalnız 11 ölkədə bu fərq iki faiz bəndindən çox olub. Kolumbiya, İtaliya, Yaponiya, Birləşmiş Krallıq və Birləşmiş Ərəb Əmirliklərində qadınların özlərini daha az məlumatlı hiss etməsi xüsusilə nəzərə çarpıb. Cənubi Koreya, Hindistan və Avstriyada isə qadınlar həm daha yaxşı məlumatlı olduqlarını, həm də maliyyə gələcəkləri barədə daha çox narahatlıq yaşadıqlarını bildiriblər.

Monetar.az