Xiaomi ChatGPT-ni üstələyən yeni süni intellekt asistenti yaradıb

Xiaomi ChatGPT-ni üstələyən yeni süni intellekt

Çinin Xiaomi korporasiyası süni intellekt (Sİ) əsasında hazırlanmış yeni Mi Chat assistentini inkişaf etdirib. Bu barədə ITHome nəşri məlumat yayıb.

Məlumata görə, yeni neyron şəbəkə şirkətin Sİ sahəsində artan imkanlarını nümayiş etdirəcək. O, Xiaomi-nin cihaz və xidmətlərində əlçatan olacaq. Assistent bu ilin əvvəllərində işə salınmış MiMo-7B-RL adlı böyük dil modeli (LLM) əsasında işləyəcək.

Mənbələr gələcək Mi Chat xidmətini “ChatGPT qatili” adlandırırlar. Onlar izah ediblər ki, modelin cəmi 7 milyard parametrə malik olmasına baxmayaraq, rəqiblərini üstələyib. Belə ki, MiMo-7B-RL əsas testlərdə OpenAI-ın o1-mini modeli və Alibaba-nın Qwen QwQ-32B-Preview modelindən daha yüksək nəticə göstərib.

ITHome jurnalistləri xatırladıblar ki, daha əvvəl Xiaomi-nin prezidenti Lu Veybin şirkətin bir neçə rüb ərzində Sİ inkişafına böyük investisiyalar ayırdığını bildirmişdi. O həmçinin Xiaomi mühəndislərinin növbəti hədəfinin neyron şəbəkələrin fiziki dünya ilə dərin inteqrasiyası olduğunu qeyd etmişdi.

Yazının müəllifləri əlavə ediblər ki, Mi Chat xidməti 17 dekabrda Pekində keçiriləcək Xiaomi 2025 Human Car Home Ecosystem Partner Conference tədbirində təqdim ediləcək.

Dekabrın əvvəlində Financial Times jurnalistləri Çin smartfon istehsalçılarının Apple ilə rəqabət çərçivəsində süni intellekt funksiyalarını daha aktiv reklam etməyə başladığını qeyd etmişdilər.

MONETAR.AZ