Dəniz ticarətində strateji əhəmiyyətə malik keçid nöqtələrində baş verən pozuntuların əsas səbəbi münaqişələr hesab olunur. Bu barədə 2025-ci ildə “Nature Communications” jurnalında dərc edilən araşdırmada qeyd edilib.
Araşdırmaya görə, hər il dünya üzrə təxminən 200 milyard dollarlıq yük daşımaları müxtəlif dəniz keçidlərində baş verən fasilələrdən təsirlənir və bu halların böyük hissəsi münaqişələrlə bağlıdır. Hesablamalara əsasən, bu cür pozuntular qlobal iqtisadiyyata illik 14 milyard dollardan çox zərər vurur.
Ən həssas dəniz keçidləri sırasında Misirdə Süveyş kanalı, Yəmən yaxınlığındakı Bab-əl-Məndəb boğazı və Tayvan boğazı göstərilir. Daha sonra Hörmüz boğazı, İstanbulda Bosfor, Panama kanalı, Malakka boğazı, Koreya boğazı və Karib hövzəsində Vindvard keçidi yer alır.
Mütəxəssislərin fikrincə, dəniz marşrutlarında pozuntulara təkcə münaqişələr deyil, həm də piratlıq və terror fəaliyyəti səbəb olur. Xüsusilə Bab-əl-Məndəb və Malakka boğazlarında son dövrlərdə kiçikmiqyaslı hücum və hücum cəhdlərinin artdığı bildirilir.
Bundan başqa, təbii hadisələr də dəniz daşımalarına təsir göstərir. Panama kanalı quraqlıq səbəbindən risk altında olduğu halda, Tayvan və Koreya boğazları tayfunların təsirinə məruz qala bilər.
Araşdırmada həmçinin qeyd olunur ki, Süveyş kanalında 2021-ci ildə baş verən tıxanma kimi hadisələr dəniz ticarətində ciddi böhran yarada bilər və xüsusilə Bosfor boğazı dünyanın ən sıx gəmiçilik marşrutlarından biri olduğu üçün yüksək risk zonası kimi qiymətləndirilir.
MONETAR.AZ