“Lloyd’s List One Hundred Ports 2025” məlumat bazasına əsasən hazırlanan yeni reytinqdə dünyanın ən çox yük dövriyyəsinə malik 20 limanı açıqlanıb. Məlumata görə, qlobal dəniz ticarətinin yarıdan çoxu yalnız 20 liman vasitəsilə həyata keçirilir.
Araşdırma göstərir ki, 2024-cü ildə dünya limanlarında ümumilikdə 743 milyon konteyner (TEU) emal edilib. Bu dövriyyənin 40 faizindən çoxu təkcə Çin limanlarının payına düşür.
Reytinqə əsasən, dünyanın ən böyük limanı Çin Xalq Respublikasının Şanxay limanıdır. 2024-cü ildə bu liman 51,5 milyon TEU konteyner emal edib və siyahıda birinci yerdə qərarlaşıb. İkinci yerdə Sinqapur (41,1 milyon TEU), üçüncü yerdə isə Çinin Ninbo-Joushan limanı (39,3 milyon TEU) yer alır.
Çinin digər böyük limanları da qlobal reytinqdə yüksək mövqelərdədir. Şenzen, Qingdao, Quançjou və Tianjin limanları dünyanın ən sıx işləyən limanları sırasında ilk 10-luğa daxildir. Mütəxəssislər bunu Çinin qlobal istehsal zəncirindəki dominant mövqeyi ilə əlaqələndirirlər.
Asiya regionu ümumilikdə dünya üzrə ən sıx limanların təxminən dörddə üçünə ev sahibliyi edir. Sinqapur və Malayziyanın Port Klang limanı Malakka boğazı kimi strateji ticarət marşrutlarında yerləşir və dünya ticarət axınında mühüm rol oynayır.
Yaxın Şərqdə Birləşmiş Ərəb Əmirliklərinin Cebel Ali limanı 15,5 milyon TEU göstərici ilə Çin və Şərqi Asiyadan kənarda ən böyük liman hesab olunur. Liman qlobal logistika şirkətlərindən biri olan DP World tərəfindən idarə olunur.
Avropa və ABŞ limanları isə siyahıda nisbətən geridə qalır. Rotterdam (13,8 milyon TEU) Avropanın ən böyük limanı, Antverpen-Brügge (13,5 milyon TEU) isə ikinci yerdədir. ABŞ-da ən böyük limanlar Los-Anceles (10,3 milyon TEU) və Long Beach (9,5 milyon TEU) limanlarıdır.
Afrika qitəsindən yalnız Mərakeşin Tanca-Med limanı (10,2 milyon TEU) ilk 20-likdə yer alıb. Latın Amerikası və Mərkəzi Amerikadan isə heç bir liman siyahıya düşməyib.
Ekspertlərin fikrincə, Asiyanın liman üstünlüyü qlobal ticarətin mərkəzinin uzun müddətdir Şərqə doğru yönəldiyini göstərir və bu tendensiyanın yaxın illərdə də davam edəcəyi gözlənilir.
MONETAR.AZ