Dünya bazarında dəmir filizinin qiymətləri bir neçə ay davam edən artımdan sonra yenidən aşağı düşməyə başlayıb. Bazarın zəifləməsinə Çində sənaye aktivliyinin azalması və bəzi Çin metallurgiya müəssisələrinin polad istehsalını müvəqqəti azaltmaq planları təsir göstərir.
Konsaltinq şirkəti Kept-in məlumatına görə, Fe tərkibi 62% olan dəmir filizi üzrə fyuçers kontraktı Dalian Commodity Exchange birjasında fevral ayında aylıq müqayisədə 4% ucuzlaşaraq tonuna 110 dollara düşüb. Chicago Mercantile Exchange-də isə kotirovkalar 6% azalaraq tonuna 100 dollara enib.
Qiymətlərin düşməsinin əsas səbəblərindən biri bayram dövründən sonra Çində işgüzar aktivliyin zəifləməsidir. Bundan əlavə, ölkədə parlamentin illik sessiyası zamanı ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə bir sıra polad istehsalçılarının 4–11 mart tarixlərində istehsalı 30% azaltmaq planı barədə xəbərlər də bazara əlavə təzyiq göstərib.
Bazar üzərində təsir edən digər amil isə Çin metallurgiya şirkətlərinin bayramlardan əvvəl topladığı böyük xammal ehtiyatlarıdır. Bu ehtiyatlar hazırda dəmir filizinə olan tələbi məhdudlaşdırır və qiymətlərə əlavə təzyiq yaradır.
Bununla yanaşı, Rusiya istehsalçıları hasilatı artırmağa davam edir. “Çermet” sənaye assosiasiyasının məlumatına görə, 2025-ci ildə Rusiyada dəmir filizi istehsalı 1,8% artaraq 106,8 milyon tona çatıb. Bu, qara metallurgiya sektorunda müsbət dinamika göstərən yeganə sahə olub.
İxrac da artır. “Rusiya Dəmir Yolları”nın məlumatına görə, 2025-ci ilin yanvar–noyabr aylarında dəmir filizinin ixrac yükləmələri 24,2% artaraq 15,3 milyon tona çatıb. Tədarükün təxminən 90%-i Çin bazarının payına düşür və bu ölkə rus istehsalçıları üçün əsas bazar olaraq qalır.
Bununla belə, ekspertlər yaxın dövrdə bazar vəziyyətində kəskin dəyişiklik gözləmirlər. Onların qiymətləndirməsinə görə, yaxın vaxtlarda dəmir filizinin qiyməti tonuna təxminən 100 dollar səviyyəsində dəyişə bilər. Daha mənfi ssenaridə isə, dünya bazarında təklifin çoxalması halında qiymətlər tonuna 85 dollara qədər enə bilər ki, bu da təxminən son üç ilin ən aşağı səviyyəsi olacaq.
MONETAR.AZ