Yaponiya Azərbaycandan əlavə neft tədarükü gözləyir

Yaponiya Azərbaycandan

Yaponiya hökuməti hesab edir ki, 2026-cı ilin sonuna qədər ölkənin daxili neft tələbatını ödəyə biləcək. Bu barədə NHK telekanalı məlumat yayıb.

Hökumət mənbələrinə istinadən bildirilir ki, buna alternativ tədarük marşrutlarının genişləndirilməsi və strateji ehtiyatların bir hissəsinin istifadəyə verilməsi hesabına nail olunacaq. Qeyd olunur ki, aprel ayında Hörmüz boğazından yan keçən marşrutlarla neft idxalı ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 20% təşkil edəcək. Lakin hökumət bu göstəricini artıq may ayında 60%-ə çatdırmağı planlaşdırır.

Alternativ marşrutlara, xüsusilə, Birləşmiş Ərəb Əmirliklərindən Əl-Fuceyra limanı vasitəsilə və Səudiyyə Ərəbistanından Yanbu əl-Bəhr limanı üzərindən tədarüklər daxildir. Bildirilir ki, bu ölkələrin hər biri Yaponiyanın daxili istehlakı üçün tələb olunan neftin təxminən yarısını təmin edə bilər.

Bundan əlavə, ABŞ da əsasən Texasdakı terminallar vasitəsilə Yaponiyaya neft ixracını ötən illə müqayisədə dörd dəfə artırmaq imkanına malikdir. Həmçinin Azərbaycandan da əlavə neft tədarükünün həyata keçiriləcəyi gözlənilir.

Yaranan mümkün çatışmazlıq isə strateji ehtiyatlar hesabına kompensasiya olunacaq. Yerli hakimiyyət bu ehtiyatların istifadəsinə ötən ayın ortalarından başlayıb.

Martın 16-dan etibarən Yaponiyada bazara ölkənin 45 günlük tələbatını qarşılayacaq həcmdə ehtiyat nefti çıxarılıb. Bu neft ABŞ və İsrailin İrana zərbələrindən əvvəlki qiymətlərə uyğun, nisbətən aşağı qiymətlərlə topdansatış şirkətlərinə satılır.

Yaponiya ümumilikdə 254 günlük tələbatını qarşılayacaq neft ehtiyatlarına malikdir. Bu ehtiyatlar dövlət və özəl şirkətlərə məxsus olmaqla ümumilikdə təxminən 470 milyon barel həcmində qiymətləndirilir.