Hedc-fondlar 4 ildən sonra ilk dəfə buğdanın bahalaşmasına oynayır

Hedc-fondlar 4 ildən sonra ilk dəfə buğdanın

Bloomberg agentliyinin yazdığına görə, qlobal hedc-fondlar təxminən son dörd ildə ilk dəfə buğda üzrə “bullish” (artım yönlü) mövqe tutublar. Bu dəyişimin əsas səbəbləri kimi ABŞ-da quraqlıq və Yaxın Şərqdəki müharibə fonunda gübrə və yanacaq çatışmazlığı göstərilir.

CFTC məlumatına əsasən, martın 31-də başa çatan həftədə Çikaqo birjasında buğda üzrə artıma olan mövqelər azalma mövqelərini 8 641 kontrakt üstələyib. Bu, 2022-ci ilin iyunundan bəri davam edən “ayı” (enmə) trendinin qırılması deməkdir.

Bazarda kəskin dönüş

İnvestor marağının sürətli artımı nəticəsində uzun mövqelərin həcmi 117 375 kontrakta çataraq son altı ildən çox müddətdə ən yüksək səviyyəyə yüksəlib. Eyni zamanda qısa mövqelər 108 734 kontrakta qədər azalıb.

Bu dəyişimin əsas katalizatoru İran ətrafında davam edən münaqişə olub. Müharibə Yaxın Şərqdə enerji infrastrukturuna ciddi zərbə vurub və Ormuz boğazı vasitəsilə yanacaq və gübrə tədarükünü faktiki olaraq iflic edib.

Aqrar sektorda narahatlıq

Dünya üzrə fermerlər əkin mövsümü öncəsi vacib resursları təmin etməyə çalışır. Məsələn, Avstraliya kimi bəzi regionlarda fermerlər artıq əkin strukturunu dəyişərək daha az gübrə tələb edən bitkilərə üstünlük verirlər.

Logistika problemləri və təchizat zəncirindəki pozuntular qlobal ərzaq təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən artırıb. Bu isə kənd təsərrüfatı bazarlarında əhval-ruhiyyəni köklü şəkildə dəyişib.

Əlavə olaraq, ABŞ-ın Böyük Düzənliklər regionunda davam edən quraqlıq əsas buğda istehsal zonalarında məhsuldarlığı risk altına salır.

Qısamüddətli geriləmə

Bununla belə, bazar ertəsi buğda qiymətlərində qısamüddətli eniş qeydə alınıb. Bu, US Weather Prediction Center tərəfindən bəzi quraq ərazilərdə yağış proqnozlarının verilməsi və mart ayında qiymət artımından qazanc əldə edən bəzi spekulyantların mənfəəti reallaşdırması ilə əlaqələndirilir.

MONETAR.AZ