Böyük Britaniyada bugündən etibarən miras vergisi sistemində dəyişikliklər qüvvəyə minir. Yeni qaydalara əsasən, effektiv vergi dərəcəsi 20%-ə çata bilər. Əvvəllər isə benefisiarlar bəzi hallarda miras üçün vergi ödəməyə bilərdilər. Bloomberg yazır ki, bu dəyişiklik ailə bizneslərinin sahiblərini və aristokratları mülkiyyət strukturunu təcili şəkildə yenidən qurmağa məcbur edir.
Britaniyada ailə biznesi sahibləri ənənəvi olaraq aktivlərini ömürlərinin sonuna qədər saxlayırdılar ki, varislər vergi güzəştindən yararlansın və mirası demək olar ki, vergi ödəmədən əldə etsinlər. Lakin 6 apreldən sonra bu strategiya artıq işləməyəcək: oxşar halda varis əldə etdiyi aktivlərin təxminən 20%-i həcmində vergi ödəməli olacaq.
Yeni çıxış yolu
Vergidən yayınmağın bir yolu hələ də qalır, lakin bu, yaşlı sahibkarlar və aristokratlar üçün o qədər də əlverişli deyil. Britaniya qanunvericiliyinə görə, əgər mülkiyyət sahibi aktivləri sağlığında başqasına ötürür və bundan sonra 7 il yaşayırsa, həmin aktivlər vergiyə cəlb olunmur. Bu imkandan istifadə edən yaşlı biznesmenlər aktivlərini tələsik varislərinə ötürür və sonrakı dövrü gözləyirlər. Bloomberg-in məlumatına görə, dünyanın ən varlı 500 insanı siyahısındakı Britaniya milyarderlərinin təxminən yarısı 70 yaşdan yuxarıdır.
Ailə şirkətləri vergi yükünü azaltmaq üçün digər maliyyə alətlərindən də istifadə edirlər: dividendləri artırır, sığorta rəsmiləşdirir. Bir çox hallarda isə aktivlərin satılması və ya verginin ödənilməsi üçün kredit götürülməsi məcburi olur.
Digər geniş yayılmış üsul aktivlərin korporativ strukturlara, şirkətlərə və ya trastlara ötürülməsidir. Trasta köçürülən aktivlər üçün hər 10 ildən bir miras vergisi ödənilməlidir, lakin bu vergi dərəcəsi, aktivlərin sahibin ölümündən sonra birbaşa varisə keçməsi halı ilə müqayisədə daha aşağıdır. Bu yanaşma ödənişləri zamanla “yaymağa” imkan verir.
Traktorlarla etiraz
Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivs 2024-cü ildə miras vergisi üzrə güzəştləri ləğv edib ki, bu da cəmiyyətdə ciddi narazılıq yaradıb. Bir çox milyarder daha uyğun aktiv saxlama mühiti axtararaq ölkəni tərk edib. Lakin Bloomberg-in yazdığına görə, ailə bizneslərinin əksəriyyəti, xüsusilə torpaq aristokratları və fermerlər üçün bu seçim mümkün olmayıb və onlar öz üsullarına əl atıblar.
2025-ci ilin sonunda britaniyalı fermerlər traktorlarla Londonun mərkəzinə daxil olaraq hökumət məhəlləsində etiraz aksiyası keçiriblər. Bundan sonra hökumət müəyyən güzəştlərə gedərək biznes və kənd təsərrüfatı daşınmaz əmlakı üçün vergidən azadolma həddini 1 milyon funt sterlinqdən 2,5 milyon funt sterlinqə qaldırıb.
Bununla belə, Bloomberg qeyd edir ki, miras vergisi Britaniya büdcəsi üçün mühüm gəlir mənbələrindən biri olaraq qalacaq. Hökumət hesab edir ki, biznes və kənd təsərrüfatı daşınmaz əmlakı üzrə vergi islahatları bu onilliyin sonuna qədər ildə təxminən 300 milyon funt sterlinq gəlir gətirəcək.
MONETAR.AZ