Bloomberg агентliyinin Jefferies Financial Group-a istinadən yaydığı məlumata görə, Birləşmiş Ərəb Əmirlikləri Mərkəzi Bankı Yaxın Şərqdə müharibə başlayandan bəri ölkənin bank sisteminə 8,2 milyard dollar həcmində likvidlik təqdim edib. Bu addım İranla bağlı münaqişənin bank sektoruna təsirlərini yumşaltmaq məqsədi daşıyır.
Tənzimləyici bu məqsədlə Şərti Likvidlik Sığortası Mexanizmindən (CLIF) istifadə edib. Bu mexanizm kommersiya banklarına böhran vəziyyətində Mərkəzi Bankın ehtiyatlarına çıxış imkanı yaradır.
Naresh Bilandani bildirib ki, Mərkəzi Bank zərurət yaranarsa, real və ya gözlənilən böhran şəraitində bu aləti işə sala bilər və bu böhran ya ümumi bazara, ya da konkret banka aid ola bilər. Onun sözlərinə görə, hazırda BƏƏ bank sektorunda likvidlik səviyyəsi qənaətbəxşdir.
Dəstək tədbirləri mart ayında tətbiq olunmağa başlanıb. Banklara həm dirhəm, həm də dollarla likvidlik alətlərinə geniş çıxış verilib, həmçinin likvidlik buferlərinin azaldılmasına icazə verilib.
Qeyd olunur ki, Yaxın Şərqdə müharibə Birləşmiş Ərəb Əmirlikləri bank sektoruna xüsusi təsir göstərib. Regionda iqtisadi obyektlərə və data mərkəzlərinə edilən hücumlar bankların fəaliyyətində fasilələrə və xarici əməkdaşların ölkəni tərk etməsinə səbəb olub.
MONETAR.AZ