Bugün Asiya ticarət sessiyasında neft qiymətləri yüksələrək əvvəlki sessiyadakı kəskin artımı davam etdirib. İnvestorlar diqqəti Donald Tramp tərəfindən İran-a verilən, Hörmüz boğazı üzərindən gəmiçiliyin bərpası ilə bağlı ultimatum üzərində cəmləyiblər.
İyun fyuçersləri üzrə Brent markalı neftin qiyməti 1,7% artaraq 110,77 dollar/barelə çatıb. Bu, əvvəlki ticarət sessiyasında qeydə alınan təxminən 8%-lik sıçrayışdan sonra baş verib. West Texas Intermediate (WTI) markalı neft isə son tam ticarət günündə 11%-dən çox artdıqdan sonra demək olar ki, dəyişməyərək 111,95 dollar/barel səviyyəsində qalıb.
Ultimatum və gərginlikDonald Tramp dünən bildirib ki, İran çərşənbə axşamına qədər Hörmüz boğazını açmalıdır. ABŞ şərq vaxtı ilə saat 20:00-a (Bakı vaxtı ilə çərşənbə günü 05:00) qədər tanker hərəkətinin bərpası üçün son tarix müəyyən edilib.
O, sosial şəbəkədə etdiyi paylaşımlarda İrana sərt xəbərdarlıq edərək boğazın açılmaması halında ciddi nəticələrin olacağını vurğulayıb.
Digər tərəfdən, İran prezidentinin nümayəndəsi Seyid Məhəmməd Mehdi Təbətəbai bildirib ki, tranzit yalnız müəyyən gəlirlərin müharibə nəticəsində dəyən ziyanın kompensasiyasına yönəldilməsi şərti ilə bərpa oluna bilər.
Bazar reaksiyası və risklərYaranmış vəziyyət Fars körfəzi regionunda gərginliyin daha da artacağı ilə bağlı narahatlıqları gücləndirib. Son həftələrdə gəmiçilik ciddi şəkildə məhdudlaşdırılıb.
Eyni zamanda, OPEC+ ölkələri may ayında hasilatı gündəlik 206 min barel artırmaq barədə razılığa gəliblər. Lakin treyderlər hesab edir ki, mövcud logistika məhdudiyyətləri səbəbindən bu əlavə həcmlər bazara dərhal daxil olmaya bilər.
Neft qiymətlərinin yenidən yüksəlməsi qlobal maliyyə bazarlarında inflyasiya ilə bağlı narahatlıqları da artırır. Əgər Hörmüz boğazı bağlı qalarsa, yüksək enerji qiymətlərinin nəqliyyat, sənaye və istehlak sektorlarına əlavə təzyiq göstərəcəyi gözlənilir.