Dünya bazarlarında kakao paxlasının qiyməti kəskin ucuzlaşıb. Hazırda bir ton kakao paxlasının qiyməti təxminən 3250 dollar təşkil edir. Bu ötən ilin eyni dövrü ilə müqayisədə (9,9 min dollar) xeyli aşağıdır. 2024-cü ilin dekabr ayında qeydə alınmış pik həddə – 12 min dollar səviyyəsinə nisbətən isə qiymətlər 3,6 dəfəyədək azalıb.
Mütəxəssislərin fikrincə, qiymətlərin enməsi bir neçə amillə bağlıdır. İlk növbədə, Qərbi Afrikada əlverişli hava şəraiti kakao istehsalının artmasına səbəb olub. Region dünya üzrə əsas təchizatçılardan biri hesab olunur. Gözləniləndən daha yüksək məhsuldarlıq isə bazarda təklifin artmasına gətirib çıxarıb.
Bundan əlavə, əvvəlki dövrdə kakao çatışmazlığı ilə bağlı proqnozların özünü doğrultmaması fyuçers bazarında qiymətlərin aşağı düşməsinə təsir göstərib. Digər tərəfdən, qiymətlərin yüksək olduğu dövrdə bir sıra istehsalçılar məhsullarında kakao tərkibini azaltmış, bu da qlobal tələbin zəifləməsinə səbəb olmuşdur.
Bununla belə, bir çox ölkələrdə kakao qiymətlərinin ucuzlaşması hələ ki, şokolad və digər kakao məhsullarının pərakəndə satış qiymətlərində ciddi azalma ilə müşayiət olunmur. Ekspertlər bunu istehsalçıların xammalı əvvəlcədən daha yüksək qiymətlərlə əldə etməsi, uzunmüddətli müqavilələrin qüvvədə qalması və resepturalarda dəyişikliklərin əlavə xərclər tələb etməsi ilə izah edirlər.
Qeyd olunur ki, mövcud tendensiyanın istehlak bazarına tam təsir göstərməsi üçün müəyyən zaman tələb oluna bilər.
MONETAR.AZ