Pambıq bahalaşmaqda davam edir

Pambıq bahalaşmaqda

Qlobal əmtəə bazarlarında pambıq fyuçerslərinin qiyməti yüksək səviyyədə sabit qalmaqda davam edir. Hazırda bir funt pambıq təxminən 80 sent civarında ticarət olunur ki, bu da 2024-cü ilin may ayından bəri ən yüksək göstəricilərdən biri hesab olunur.

Qiymətlərin yüksək qalmasının əsas səbəblərindən biri Yaxın Şərqdə davam edən geosiyasi gərginlik və ABŞ-İran danışıqlarının dalana dirənməsi fonunda enerji bazarında müşahidə olunan artımdır. Analitiklər bildirirlər ki, xam neft qiymətlərinin yüksəlməsi sintetik liflərin, xüsusilə polyesterin istehsal xərclərini artırır. Bu isə təbii alternativ kimi pambığa olan tələbi və nəticədə onun qiymətini dəstəkləyir.

Bununla yanaşı, təkliflə bağlı risklər də bazara təsir göstərməkdə davam edir. ABŞ-ın əsas pambıq istehsal bölgələrindən olan Qərbi Texasda quraqlıq təhlükəsi qalmaqdadır. Digər tərəfdən, Missisipi deltası və ölkənin cənub-şərq bölgələrində hava şəraitinin nisbətən yaxşılaşması bu riskləri qismən balanslaşdırır.

Tələb tərəfdə isə zəifləmə siqnalları müşahidə olunur. ABŞ-ın ixrac göstəricilərində azalma pambıq bazarında alıcılıq qabiliyyətinin zəiflədiyini göstərir. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin həftəlik hesabatına əsasən, 2025/2026 mövsümü üzrə “Upland” pambığı üçün xalis satışlar 119 900 bağlama təşkil edib. Bu göstərici əvvəlki həftə ilə müqayisədə 26 faiz, son dörd həftənin orta göstəricisi ilə müqayisədə isə 55 faiz azdır.

Mövcud dinamika göstərir ki, yaxın dövrdə pambıq bazarında qiymətlərin dəyişkən qalması ehtimalı yüksəkdir.

MONETAR.AZ