Toyotanın qlobal satışları yeddinci ayda da azalıb

Toyotanın qlobal satışları

Toyota Motor qlobal avtomobil bazarında tələbin zəifləməsi ilə üzləşir. Şirkətin açıqladığı göstəricilərə görə, avqust ayında dünya üzrə avtomobil satışları ardıcıl yeddinci ay azalıb. Geriləmədə əsas amillərdən biri xarici bazarlarda, xüsusilə Çində satışların kəskin zəifləməsi olub.

Lexus brendi də daxil olmaqla, Toyota avqust ayında dünya üzrə 823 618 avtomobil satıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 7,5 faiz azalma deməkdir.

Şirkətin xarici bazarlardakı satışları daha kəskin geriləyib. Belə ki, xaricdə 697 870 avtomobil satılıb ki, bu da illik müqayisədə 8,9 faiz azdır. Yaponiyanın daxili bazarında isə satışlar 0,2 faiz artaraq 134 748 avtomobilə çatıb.

Toyota üçün əsas problemlərdən biri dünyanın ən böyük avtomobil bazarı olan Çində müşahidə olunur. Şirkətin bu ölkədəki satışları avqust ayında 22,8 faiz azalaraq 118 449 avtomobil təşkil edib.

Beləliklə, Çindəki geriləmə əvvəlki aylarda müşahidə olunan zəif tendensiyanı davam etdirib. Toyota bildirir ki, yüksək yanacaq qiymətləri fonunda benzinlə işləyən avtomobillərə, o cümlədən hibrid modellərə olan bazar tələbi zəif olaraq qalır.

Digər Asiya bazarlarında da satışlarda azalma qeydə alınıb. Hindistanda Toyota-nın satışları təxminən 8 faiz geriləyib. Şirkət bu azalmanı əsasən yeni satış sisteminin tətbiqi ilə əlaqədar yaranan müvəqqəti həcm itkisi ilə izah edir.

Filippində isə avtomobil satışları 14,3 faiz azalıb.

Toyota-nın ilin ilk səkkiz ayı üzrə nəticələri də qlobal satışlarda zəifləmənin davam etdiyini göstərir. Yanvar-avqust aylarında şirkət dünya üzrə 6,66 milyon avtomobil satıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz aşağıdır.

Nəticələr göstərir ki, Toyota-nın satış dinamikasına əsas təzyiq xarici bazarlardan gəlir. Xüsusilə Çində tələbin zəifləməsi şirkətin qlobal satış göstəricilərinə ciddi təsir göstərir.

MONETAR.AZ