İnformasiya və rabitə sektorunun gəlirləri 2,7 milyard manata çatıb

İnformasiya və rabitə sektorunun gəlirləri

Azərbaycanda informasiya və rabitə sektoru iqtisadiyyatın sürətlə böyüyən sahələrindən biri olaraq qalır. Rəqəmsal xidmətlərə tələbatın artması, kommunikasiya infrastrukturunun genişlənməsi və yeni texnologiyaların tətbiqi sektorun həm gəlirlərini, həm də iqtisadiyyatda yaratdığı əlavə dəyəri artırıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında informasiya və rabitə sektorunda yaradılan əlavə dəyərin həcmi real ifadədə 10,7 faiz artaraq 1 milyard 775 milyon manata çatıb.

Bu artım nəticəsində sektorun ölkənin ümumi daxili məhsulunda (ÜDM) payı 2 faizə yüksəlib. Qeyri-neft-qaz ÜDM-də informasiya və rabitə sektorunun payı isə 2,9 faiz təşkil edib.

Hesabat dövründə informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələrin ümumi gəlirlərində də artım qeydə alınıb. Sektor üzrə gəlirlər real ifadədə 10,7 faiz və ya 309 milyon manat artaraq 2 milyard 748 milyon manata çatıb.

Sektorun inkişaf dinamikasında investisiyaların artımı da xüsusi diqqət çəkir. Belə ki, yanvar-avqust aylarında informasiya və rabitə sahəsinə 320 milyon manat investisiya yatırılıb.

Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 49,4 faiz və ya 109 milyon manat çoxdur.

İnvestisiyaların sürətli artması rəqəmsal infrastrukturun genişləndirilməsi, yeni xidmətlərin yaradılması və texnoloji imkanların inkişaf etdirilməsi üçün maliyyə bazasının gücləndiyini göstərir.

Ümumilikdə, sektor üzrə əlavə dəyərin, gəlirlərin və investisiyaların paralel şəkildə artması informasiya və rabitənin Azərbaycan iqtisadiyyatında çəkisinin tədricən yüksəldiyini göstərir. Rəqəmsallaşmanın müxtəlif sahələrə nüfuz etməsi fonunda bu sektorun iqtisadi aktivlikdə rolunun qarşıdakı dövrdə də artması gözlənilir.