Windows 11 istifadəçiləri əməliyyat sisteminin müxtəlif bölmələrində reklam və tövsiyələrlə qarşılaşa bilirlər. Lakin bu bildirişlərin və reklam xarakterli məzmunun bir hissəsini sistemin öz tənzimləmələri vasitəsilə deaktiv etmək mümkündür.
PCWorld nəşrinin məlumatına görə, istifadəçilər bir neçə parametrə dəyişiklik etməklə “Başlat” menyusunda, bildirişlərdə, “Fayl bələdçisi”ndə və digər bölmələrdə reklamların göstərilməsini məhdudlaşdıra bilərlər.
Windows 11-də reklamları söndürməyin yolları:
“Başlat” menyusunda reklam xarakterli tövsiyələri deaktiv etmək üçün “Tənzimləmələr” → “Fərdiləşdirmə” → “Başlat” bölməsinə keçərək müvafiq tövsiyə seçimlərini söndürmək lazımdır.
Reklam xarakterli bildirişlər “Sistem” → “Bildirişlər” → “Əlavə parametrlər” bölməsindən idarə oluna bilər. Buradan istifadəçi istəmədiyi bildirişlərin göstərilməsini məhdudlaşdıra bilər.
Fərdiləşdirilmiş və tövsiyə olunan reklamların qarşısını almaq üçün “Məxfilik və təhlükəsizlik” → “Ümumi” bölməsinə daxil olmaq və reklamlarla bağlı uyğun seçimləri deaktiv etmək mümkündür.
Windows Explorer-də reklam xarakterli bildirişləri söndürmək üçün proqramı açdıqdan sonra “Parametrlər” → “Görünüş” bölməsinə keçmək və “Sinxronizasiya təminatçısının bildirişlərini göstər” seçimini deaktiv etmək kifayətdir.
Windows 11-in vidjetlər bölməsində “Lentləri göstər və ya gizlət” seçimindən istifadə etməklə nümayiş olunan məzmunu idarə etmək mümkündür. Bundan başqa, ayrı-ayrı tətbiqlərin bildiriş icazələrini ləğv etməklə onların göndərdiyi reklam xarakterli bildirişlərin qarşısını almaq olar.
Fərdiləşdirilmiş reklamların minimuma endirilməsi üçün “Fərdiləşdirmə” → “Cihazların istifadəsi” bölməsində təqdim olunan uyğun parametrlərin deaktiv edilməsi tövsiyə olunur.
Bununla belə, mütəxəssislər Windows 11-də parametrlərin və funksiyaların zamanla dəyişə bildiyini qeyd edirlər. Microsoft əməliyyat sisteminə mütəmadi yeniləmələr təqdim etdiyindən bəzi menyuların adı və yerləşməsi fərqli versiyalarda dəyişə bilər.
Bu səbəbdən istifadəçilərin reklamları tamamilə deyil, müəyyən bölmələr üzrə məhdudlaşdırması mümkün ola bilər.
MONETAR.AZ