ABŞ-da planlaşdırılan bəzi iri data mərkəzlərinin elektrik tələbatı böyük şəhərlərin illik elektrik istehlakına yaxınlaşır. Meta-nın Luizianada inşa etdiyi Hyperion data mərkəzinin tam gücdə illik enerji ekvivalenti 43,8 teravat-saat olacaq.
Monetar.az xəbər verir ki, Hyperion-un enerji tələbatı Nyu-York şəhərinin 46,88 teravat-saatlıq illik elektrik istehlakına yaxın olacaq. Eyni zamanda, bu göstərici 2025-ci ildə Nyu-Orleanda istehlak edilən 5,6 teravat-saat elektrikdən təxminən 8 dəfə çoxdur.
Amazon Web Services-in Pensilvaniyadakı Susquehanna Data Campus layihəsinin tam gücə çatdıqda illik enerji ekvivalenti 16,82 teravat-saat təşkil edəcək. Bu, Filadelfiyanın 13,1 teravat-saatlıq illik elektrik istehlakından təxminən 30 faiz çoxdur.
Vantage şirkətinin Viskonsindəki Port Washington data mərkəzinin isə illik enerji tələbatının 11,39 teravat-saat olacağı gözlənilir. Bu göstərici Madison şəhərinin 2,8 teravat-saatlıq istehlakının təxminən 4 qatına bərabərdir.
Məlumatlara əsasən, ABŞ-da süni intellekt infrastrukturu üçün iri data mərkəzlərinin sürətlə genişlənməsi elektrik enerjisinə tələbatı əhəmiyyətli dərəcədə artırır. Hesablamalar layihələrin gələcəkdə göstərilən gücdə fasiləsiz işləyəcəyi fərziyyəsinə əsaslanır.
Meta-nın Hyperion layihəsinin 2032-ci ildə tam gücü ilə fəaliyyətə başlaması, AWS Susquehanna Data Campus-un isə 2032-ci ilə qədər tam həcminə çatması gözlənilir. Port Washington data mərkəzinin 2028-ci ildə tamamlanması planlaşdırılır.