Aqrar sığorta mexanizmindən istifadə edən fermerlərin sayı artmaqdadır

Aqrar sığorta mexanizmindən istifadə edən fermerlərin

Azərbaycanda dövlət dəstəyi ilə həyata keçirilən aqrar sığorta mexanizmindən istifadə edən fermerlərin və təsərrüfatların sayı artmaqda davam edir. Bu ilin ilk 9 ayında sığorta hadisələri nəticəsində minlərlə hektar əkin sahəsinə ziyan dəyib.

Aqrar Sığorta Fondundan (ASF) verilən məlumata görə, daxil olan müraciətlər əsasında 1 268 sığorta müqaviləsi üzrə ümumilikdə 8 727 hektar əkin sahəsində zərər müəyyənləşdirilib. Hesablamalara əsasən, qeydə alınan hadisələr nəticəsində fermerlərin təsərrüfatlarına 4 milyon 468 min manat məbləğində zərər dəyib.

Zərərin əsas hissəsi əlverişsiz hava şəraiti ilə bağlı olub. Belə ki, dolu 2 326 hektar, sel və subasma 2 913 hektar, fırtına isə 2 424 hektar əkin sahəsinə ziyan vurub.

Hesablanmış sığorta ödənişləri arasında da ən böyük pay bu hadisələrin üzərinə düşür. Dolu nəticəsində 1,47 milyon manat, sel-subasma üzrə 1,44 milyon manat, fırtına nəticəsində 942 min manat, üçüncü şəxslərin hərəkətləri ilə bağlı isə 504 min manat zərər ödənişi hesablanıb. Bundan başqa, yanğın, vəhşi heyvanların hücumu və şaxtavurma səbəbindən də sığorta hadisələri qeydə alınıb.

Kənd təsərrüfatı sahələri üzrə ən yüksək zərər taxıl əkinlərində müəyyən edilib. Belə ki, 6 945 hektar taxıl sahəsinə ümumilikdə 2 milyon 180 min manat zərər dəyib. Bu məbləğ bütün hesablanmış sığorta ödənişlərinin təxminən 49 faizini təşkil edir.

Meyvə bağlarında qeydə alınan zərər 1,6 milyon manat, texniki bitkilər üzrə isə 621 min manat olub.

Regionlar üzrə göstəricilər də zərərin coğrafi bölgüsünün fərqli olduğunu göstərir. Ən böyük məbləğ Quba-Xaçmaz iqtisadi rayonunda qeydə alınıb. Burada fermerlərə dəyən zərər 1,21 milyon manat hesablanıb.

Şəki-Zaqatala iqtisadi rayonunda zərər 1 milyon 82 min manat, Şirvan-Salyanda 793 min manat, Qarabağda 457 min manat, Dağlıq Şirvanda isə 252 min manat təşkil edib.

Hazırda Aqrar Sığorta Fondu hesablanmış zərərlərlə bağlı ödənişlərin həyata keçirilməsi üçün sənədləşmə işlərini aparır. Fondun məlumatına görə, yaxın müddətdə sığorta ödənişlərinə başlanılması nəzərdə tutulur.

Bununla yanaşı, ASF-nin bu ilin ilk 8 ayında bitkiçilik və heyvandarlıq təsərrüfatlarına artıq 1 milyon 708 min manat sığorta ödənişi həyata keçirdiyi bildirilir.

Aqrar sığorta mexanizmi fermerlərin əkinlərini dolu, sel-subasma, fırtına, yanğın, şaxta, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və digər risklərdən qorumağa imkan verir. Sığorta haqqının müəyyən hissəsinin dövlət tərəfindən qarşılanması isə fermerlərin bu mexanizmdən daha əlçatan şərtlərlə yararlanmasına imkan yaradır.

ASF fermerləri xüsusilə payızlıq əkin sahələrini sığortalamağa çağırır. Aqrar sığorta ilə bağlı ətraflı məlumatı Fondun rəsmi internet səhifəsindən və 1651 Çağrı Mərkəzindən əldə etmək mümkündür.