Çin 2025-ci ildə dünyada quraşdırılan sənaye robotlarının 59 faizinə sahib olub. Ötən il ölkədə 354 min sənaye robotu quraşdırılıb ki, bu da qlobal miqyasda rekord sayılan 603 min yeni robotun əhəmiyyətli hissəsini təşkil edir.
Monetar.az xəbər verir ki, Beynəlxalq Robotika Federasiyasının (IFR) “World Robotics 2026” hesabatına görə, Çində fəaliyyət göstərən sənaye robotlarının ümumi sayı 2 milyonu ötüb.
Çinin qlobal sənaye robotlarının quraşdırılmasındakı payı son illərdə sürətlə artıb. 2016-cı ildə bu göstərici 32 faiz olduğu halda, 2022-ci ildə 52 faizə, 2025-ci ildə isə 59 faizə yüksəlib.
Bununla belə, robotların ümumi sayında lider olan Çin robot sıxlığı üzrə daha aşağı mövqedədir. IFR-in göstəricisinə görə, 2024-cü ildə ölkədə hər 10 min istehsalat işçisinə 166 sənaye robotu düşüb.
Cənubi Koreya isə robot sıxlığı üzrə dünyada ilk sıradadır. Ölkədə hər 10 min istehsalat işçisinə 1 220 robot düşür. Almaniya və Yaponiya da bu göstərici üzrə Çindən xeyli öndədir.
Çinin robot sıxlığının nisbətən aşağı olması ölkənin 120 milyondan çox istehsalat işçisinə malik olması ilə əlaqələndirilir. Eyni zamanda, ölkənin 2026-2030-cu illər üzrə yeni strategiyasında süni intellektin fiziki tətbiqlərinə və robot texnologiyalarına xüsusi diqqət ayrılır.