Avropa İttifaqı (Aİ) yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulan və Böyük Britaniya ilə ticarət edilən elektromobillərin əksəriyyətinə şamil olunacaq 10 faizlik gömrük rüsumunun tətbiqini təxirə salmağı planlaşdırır. Bu addım Çin istehsalçılarının rəqabəti ilə üzləşən Avropa avtomobil sənayesinə əlavə vaxt qazandıra bilər.
Financial Times qəzetinin məlumatına görə, Brüssel rüsumun qüvvəyə minmə müddətinin dəyişdirilməsi ilə bağlı avtomobil sənayesinin nümayəndələri ilə məsləhətləşmələr aparır. Məsələ ilə tanış mənbələrdən ikisi Böyük Britaniyanın da təxirəsalma təşəbbüsünü dəstəklədiyini bildirib.
Avropa avtomobil istehsalçılarının maraqlarını təmsil edən Acea assosiasiyasının üzvləri yeni rüsumun Avropa markalarını Britaniya bazarından sıxışdırıb çıxara biləcəyindən, Çin şirkətlərinin isə yaranmış vəziyyətdən istifadə edərək bazar paylarını artıracağından narahatdırlar.
Acea-nın hesablamalarına əsasən, 2027-ci ildə satılması gözlənilən, ümumi dəyəri təxminən 17,9 milyard avro olan 520 min elektrik minik avtomobili və furqonun 82 faizi yeni rüsumun əhatəsinə düşə bilər.
Problemin əsas səbəblərindən biri Brexit sazişində nəzərdə tutulan yerli istehsal tələbləridir. 2021-ci ildən qüvvədə olan razılaşmaya əsasən, avtomobillərin tariflərdən azad edilməsi üçün onların istehsalında istifadə olunan yerli komponentlərin payı mərhələli şəkildə artırılır. Lakin Avropada batareya və kimyəvi material istehsalı gözlənilən sürətlə inkişaf etmədiyindən, bir çox elektromobil modelində Asiyadan gətirilən akkumulyator bloklarından və kimyəvi komponentlərdən istifadə olunur.
Bu səbəbdən Acea akkumulyator bloklarının yığılması ilə bağlı daha sərt tələblərin 2030-cu ilədək, Avropa istehsalı olan katod materiallarına dair şərtlərin isə 2032-ci ilədək təxirə salınmasını istəyir.
Qeyd edək ki, tərəflər daha əvvəl də müvafiq hüquqi mexanizmdən istifadə edərək bu qaydaların tətbiq müddətini 2024-cü ildən 2027-ci ilə keçirmişdilər.
Financial Times yazır ki, Avropa Komissiyasının müzakirə olunan və hələ dəyişdirilə bilən təklifləri Acea-nın tələb etdiyi müddətlərdən daha qısa təxirəsalmanı nəzərdə tutur. Variantlardan biri qaydaların tətbiqinə birillik möhlət verilməsidir. Digər təklif isə ikiillik mexanizmi əhatə edir. Bu modelə əsasən, avtomobil istehsalçıları tələblərə cavab verməyən batareyalardan istifadə edilən avtomobillərin ixracını daxili bazarda tələblərə uyğun batareyalarla təchiz olunmuş modellərin satışı hesabına kompensasiya edə bilərlər.
Bununla belə, təşəbbüs Aİ-nin kimya sənayesində birmənalı qarşılanmır. Sektorun nümayəndələri təxirəsalmanın Avropa istehsalı olan materiallara tələbatı azalda biləcəyini bildirərək bu qərara qarşı lobbiçilik edirlər. Şirkətlər artıq qitədə aktiv katod materiallarının istehsalına milyonlarla avro sərmayə yatırıb.
Britaniyalı iki rəsmi şəxsin sözlərinə görə, təxirəsalma ilə bağlı əsas müzakirələrin noyabrın 20-də keçiriləcək Aİ–Böyük Britaniya sammitindən sonra başlanması gözlənilir.
Brüsselin qarşısında iki əsas məqsəd arasında tarazlıq yaratmaq vəzifəsi dayanır: Avropa avtomobil istehsalçılarının rəqabət qabiliyyətini qorumaq və eyni zamanda yerli batareya və kimya sənayesinə qoyulan investisiyaları dəstəkləmək.
MONETAR.AZ