Azərbaycana xarici investisiya qoyuluşu 16,5 faiz artıb

Azərbaycana xarici investisiya qoyuluşu

2026-cı ilin ilk doqquz ayında Azərbaycana xarici investisiya axını davam edib. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, hesabat dövründə xarici maliyyə mənbələri hesabına əsas kapitala 3,5 milyard manat investisiya yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,5% çoxdur.

Xarici investisiyaların ümumi investisiya qoyuluşlarında payı 24,1% təşkil edib. Beləliklə, ölkə iqtisadiyyatına yatırılan hər dörd manatlıq investisiyanın təxminən biri xarici mənbələrin hesabına formalaşıb.

Hesabat dövründə xarici investisiyaların əsas hissəsi 12 ölkənin sərmayədarlarının payına düşüb. Ümumi xarici investisiyaların 97,1%-i Birləşmiş Krallıq, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, ABŞ, İsveçrə, Yaponiya, İran, Macarıstan, Fransa, Hindistan və Çindən daxil olub.

Xarici investisiya axınının davam etməsi Azərbaycanın qlobal iqtisadi sistemə inteqrasiyasının dərinləşməsini və beynəlxalq investorların ölkə bazarına marağını əks etdirən göstəricilərdən biri kimi qiymətləndirilir.

MONETAR.AZ