Azərbaycanda biznes kreditlərində 14,5 faizlik artım qeydə alınıb

Azərbaycanda biznes kreditlərində 14,5 faizlik

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda iqtisadiyyata kredit qoyuluşlarında artım davam edib. Bank və bank olmayan kredit təşkilatlarının (BOKT) ümumi kredit portfeli ilin əvvəlindən 11,9% artaraq sentyabrın sonuna 35,7 milyard manata çatıb.

Monetar.az xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın hesabatında məlumat verilib.

Kreditlərin strukturunda uzunmüddətli borclanmalar üstün mövqeyini qoruyub. Hesabat dövrünün sonunda uzunmüddətli kreditlərin ümumi portfeldə payı 83,1% təşkil edib. Bu kateqoriya üzrə kreditlərin həcmi ilin əvvəlindən 13,4% artaraq 29,7 milyard manata yüksəlib. Qısamüddətli kreditlərin həcmi isə ötən ilin sonu ilə müqayisədə 4,8% artaraq 6 milyard manata çatıb.

Bankların kredit portfelində biznes kreditləri üzrə də nəzərəçarpan artım qeydə alınıb. Yanvar-sentyabr aylarında bu kreditlərin həcmi 14,5% artaraq 18,4 milyard manata yüksəlib. Biznes kreditləşməsində ən yüksək artım tikinti sektorunda müşahidə olunub. Sözügedən sahəyə ayrılan kreditlərin həcmi 76,5% artıb.

İstehlak və ipoteka kreditləri də artım nümayiş etdirib. Doqquz ay ərzində istehlak kreditlərinin həcmi 11,3%, ipoteka kreditlərinin həcmi isə 5,1% yüksəlib. Sentyabrın sonuna onların müvafiq həcmi 10,4 milyard və 4,8 milyard manat təşkil edib.

Kredit portfelinin valyuta strukturuna gəlincə, hesabat dövrünün sonunda xarici valyutada olan kreditlərin ümumi kredit qoyuluşlarında payı 16,7% olub.

Faiz dərəcələrində isə azalma tendensiyası müşahidə edilib. 2026-cı ilin sentyabr ayında manatla yeni verilmiş kreditlər üzrə orta çəkili faiz dərəcəsi 18,1%, xarici valyutada verilən kreditlər üzrə isə 5,8% təşkil edib. Son bir il ərzində həm manatla, həm də xarici valyutada təqdim olunan kreditlər üzrə faiz dərəcələri aşağı düşüb.