Nyu-York milyarderləri “supervarlılar vergisi” qanun layihəsinə qarşı çıxdı

Nyu-York milyarderləri “supervarlılar vergisi”

Nyu-Yorkun ən varlı sakinləri şəhərin meri Zöhran Mamdaninin yeni daşınmaz əmlak vergisi təşəbbüsünə qarşı çıxıblar. Bloombergin məlumatına görə, narazılığın əsas səbəbi təkcə vergi deyil, həm də merin ritorikası olub: Mamdani Ken Qriffinə məxsus 238 milyon dollarlıq penthausun qarşısında viral video çəkərək bu bahalı mülkün sahibini açıq şəkildə göstərib. Həmin penthaus meriyanın yeni vergi ilə bağlı press-relizində də qeyd olunub.

Şəhərin imkanlı təbəqəsi, o cümlədən demokratlara simpatiya bəsləyən bəzi şəxslər bu addımı təxribat və “öz adamlarından birinə hücum” kimi qiymətləndirərək meri tənqid ediblər. Maliyyəçilər və varlı iş adamları bildiriblər ki, bu cür davranış iri biznesin şəhərə investisiya qoymaq və xeyriyyə fəaliyyəti ilə məşğul olmaq istəyini azaldır.

Ken Qriffin isə öz növbəsində Park avenyuda yerləşən 62 mərtəbəli göydələnin yenidən qurulması layihəsini dayandırmaqla hədələyib. Bu layihənin şəhər iqtisadiyyatına 4,5 milyard dollar töhfə verəcəyi və minlərlə iş yeri yaradacağı gözlənilirdi.

Zöhran Mamdani sonradan vəziyyəti yumşaltmağa çalışaraq bildirib ki, ikinci evlərə tətbiq olunacaq yeni vergi “hər hansı konkret şəxslə bağlı motivasiya olunmayıb” və Griffini “şəhər üçün vacib işəgötürən və biznes lideri” adlandırıb.

Aprel ayında Nyu-York ştatının qubernatoru Keti Hoçul ilə Mamdani dəyəri 5 milyon dollardan yuxarı olan ikinci mənzillərə yeni vergi tətbiq etməyi təklif ediblər. Məqsəd şəhər büdcəsini artırmaqdır. The New York Times-ın məlumatına görə, növbəti maliyyə ilində Nyu-Yorkun büdcə kəsiri 5,4 milyard dollar səviyyəsində proqnozlaşdırılır.

Gözləntilərə əsasən, yeni vergi şəhər büdcəsinə ildə təxminən 500 milyon dollar gətirə bilər. Lakin şəhər xəzinədarı Mark Levin xəbərdarlıq edib ki, vergi yayınma mexanizmləri səbəbindən faktiki daxilolmalar daha aşağı ola bilər.

MONETAR.AZ