Avropa İttifaqınin ticarət komitəsinin sədri Bernd Lange ABŞ Prezidenti Donald Trampın Aİ-dən idxal olunan avtomobillərə rüsumların 25%-ə qaldırılması planını kəskin tənqid edib.
Lange bildirib ki, Trampın davranışı qəbuledilməzdir və ABŞ-ın etibarlı ticarət tərəfdaşı olmadığını göstərir:
“Bu son addım Amerika tərəfinin nə qədər etibarsız olduğunu nümayiş etdirir. Yaxın tərəfdaşlarla belə davranmaq olmaz. İndi biz yalnız mövqeyimizin gücünə əsaslanaraq maksimum aydınlıq və qətiyyətlə cavab verə bilərik”.
O qeyd edib ki, Aİ Şotlandiya sazişinin şərtlərinə əməl edir, halbuki ABŞ bu razılaşmanı dəfələrlə pozub.
Bildirilib ki, Avropa Parlamenti hazırda müvafiq qanunvericilik üzərində işləyir və prosesi iyun ayında yekunlaşdırmağı planlaşdırır.
Xatırladaq ki, Tramp Aİ-dən ABŞ-a idxal olunan minik və yük avtomobillərinə tətbiq edilən rüsumların gələn həftədən etibarən 25%-ə yüksəldiləcəyini açıqlayıb. ABŞ-da istehsal olunan avtomobillərə isə bu rüsumlar tətbiq olunmayacaq.
MONETAR.AZ