ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqından idxal edilən minik və yük avtomobillərinə tətbiq olunan rüsumların artıq gələn həftədən etibarən 25%-ə qaldırılacağını bəyan edib.
O, bu barədə özünün Truth Social sosial şəbəkəsində yazıb: “Avropa İttifaqı ticarət sazişimizin şərtlərinə əməl etmədiyi üçün, gələn həftə ABŞ-a idxal olunan minik və yük avtomobillərinə tətbiq edilən rüsumları artıracağımı elan etməkdən məmnunam. Rüsumlar 25%-ə yüksəldiləcək”.
Prezident vurğulayıb ki, ABŞ ərazisində istehsal olunan avtomobillərə bu rüsumlar tətbiq edilməyəcək.
Eyni zamanda, Tramp ölkədə yeni avtomobil zavodlarının tikildiyini və bu sahəyə 100 milyard dollardan artıq investisiya qoyulduğunu bildirib. Onun sözlərinə görə, bu, avtomobil sənayesi tarixində rekord göstəricidir.
“Hazırda 100 milyard dollardan çox sərmayə ilə çoxsaylı minik və yük avtomobili zavodları tikilir. Bu zavodlar amerikalı işçilərlə təmin olunacaq və tezliklə fəaliyyətə başlayacaq. ABŞ-da indiyədək belə bir hal baş verməyib”, – deyə o əlavə edib.