Yaponiya Bankının üzvündən faiz artımı çağırışı edilib

Yaponiya Bankının üzvündən faiz artımı

Yaponiya Bankının İdarə Heyətinin üzvü Hacime Takada Yaxın Şərqdəki münaqişənin yaratdığı inflyasiya risklərinin artdığı barədə xəbərdarlıq edərək mərkəzi bankı əsas faiz dərəcəsini yaxın vaxtlarda optimal səviyyəyə yüksəltməyə çağırıb.

Takada bu gün çıxışında bildirib ki, Yaponiya Bankı həm ölkədaxili maliyyə şəraitini, həm də beynəlxalq hadisələrin iqtisadiyyata təsirini nəzərə alaraq faiz dərəcələrinin artırılması prosesini sürətləndirməlidir.

Qeyd edək ki, Yaponiya Bankı oktyabr ayında faiz dərəcələrini dəyişməz saxlayıb. Bununla belə, mərkəzi bank inflyasiyanın uzunmüddətli zəifliyi ilə mübarizədə irəliləyiş əldə olunduğunu və deflyasiya dövrünün faktiki olaraq geridə qaldığını bəyan edib. Bu mövqe yaxın aylarda əlavə faiz artımları üçün zəmin yaradır.

Takada ötən ay uçot dərəcəsinin 1,5%-ə yüksəldilməsini təklif etsə də, təşəbbüsü dəstək qazanmayıb. O, bazar ertəsi açıqlamasında 2027-ci ilin martında başa çatacaq maliyyə ilinin ikinci yarısında inflyasiya təzyiqlərinin daha da güclənə biləcəyini bildirib. Onun fikrincə, bu proses inflyasiyanın Yaponiya Bankının müəyyən etdiyi 2%-lik hədəfi üstələməsinə səbəb ola bilər.

Ölkədə qiymət artımını sürətləndirən amillər arasında süni intellekt sektoruna daxili investisiya və xərclərin genişlənməsi də göstərilir. Bununla yanaşı, ABŞ-İran müharibəsi enerji bazarına təsir edərək neft qiymətlərini kəskin artırıb. Enerji resurslarından yüksək asılılığı olan Yaponiya üçün bu, inflyasiya təzyiqinin əsas mənbələrindən birinə çevrilib.

Yaponiya Bankı 2024-cü ilin əvvəlində uzun illər davam edən ultra-yumşaq pul-kredit siyasətindən mərhələli şəkildə imtina etməyə başlayıb. Həmin vaxtdan bəri faiz dərəcələri ümumilikdə təxminən 1,35 faiz bəndi artırılıb.

Mərkəzi bank ötən ay inflyasiyanın 2%-lik hədəf səviyyəsində dayanıqlı şəkildə qərarlaşdığını və bu göstəricinin qorunmasının gözlənildiyini bildirib. Takadanın son açıqlamaları isə enerji qiymətləri və beynəlxalq geosiyasi risklər fonunda pul-kredit siyasətinin daha sürətli sərtləşdirilməsinin tərəfdarlarının mövqeyini bir daha gündəmə gətirir.

MONETAR.AZ