"Zoom", "OpenAI" və "Zoho" Azərbaycanda vergi uçotuna alınıb

"Zoom", "OpenAI" və "Zoho" Azərbaycanda

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektron qeydiyyat portalı vasitəsilə daha üç beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb.

DVX-nin məlumatına görə, vergi qeydiyyatından keçən şirkətlər bunlardır:

  • Niderlandın "Zoho Corporation B.V.";
  • ABŞ-nin "Zoom Communications, Inc.";
  • ABŞ-nin "OpenAI OpCo, LLC".

Bu şirkətlərin əlavə dəyər vergisi (ƏDV) məqsədilə qeydiyyatı 1 sentyabr 2026-cı il tarixindən qüvvəyə minəcək.

Bu il Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, sentyabr ayından etibarən Azərbaycanda elektron ticarət vasitəsilə xidmət göstərən və ölkə üzrə illik dövriyyəsi 10 min ABŞ dollarını aşan qeyri-rezident rəqəmsal xidmət təchizatçıları üçün vergi orqanında elektron qeydiyyat məcburi olacaq.

Qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçıları ƏDV üzrə öhdəliklərini müstəqil şəkildə yerinə yetirəcək, vergini hesablayacaq, bəyan edəcək və dövlət büdcəsinə ödəyəcəklər. Bu halda həmin şirkətlərə edilən ödənişlər üzrə ƏDV artıq banklar tərəfindən tutulmayacaq.

DVX bildirir ki, yeni mexanizm rəqəmsal xidmətlər bazarında vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergi öhdəliklərinin yerinə yetirilməsinin sadələşdirilməsinə və şəffaflığın artırılmasına xidmət edir.

Dövlət Vergi Xidməti, həmçinin Azərbaycanda elektron xidmətlər göstərən digər qeyri-rezident rəqəmsal xidmət təchizatçıları ilə məlumatlandırma və kommunikasiya tədbirlərinin, eləcə də onların vergi qeydiyyatına alınması prosesinin davam etdiyini qeyd edib. Qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarının siyahısı Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib.