Dünyanın ən populyar smartfonunun adı açıqlanıb

Dünyanın ən populyar smartfonunun

“Apple iPhone 17” 2026-cı ilin ikinci rübündə dünyanın ən çox satılan smartfonu olub. Bu barədə “Counterpoint Research” şirkətinin araşdırmasında bildirilir.

Tədqiqatın nəticələrinə görə, “iPhone 17” bu göstərici üzrə liderliyini ardıcıl ikinci rüb qoruyub. Modelin hesabat dövründə dünya üzrə satılan bütün smartfonlar arasındakı payı 6 faiz təşkil edib.

“Apple” ilk üçlükdə digər iki modeli ilə də təmsil olunub. “iPhone 17 Pro Max” ikinci, “iPhone 17 Pro” isə üçüncü yeri tutub.

İlk onluqda “Apple”ın daha iki smartfonu yer alıb. “iPhone 17e” 7-ci, “iPhone 16” isə 10-cu pillədə qərarlaşıb.

“Apple”dan başqa ilk onluğa daxil olan bütün modellər “Samsung” markasına məxsusdur. “Samsung Galaxy S26 Ultra” 4-cü, “Galaxy A07” 5-ci, “Galaxy A17” isə 6-cı yeri tutub.

“Counterpoint Research”in baş analitiki Karn Çauhan bildirib ki, smartfon bazarında ümumi geriləməyə baxmayaraq, “Apple”ın satışları illik müqayisədə 5 faiz artıb.

O, həmçinin qeyd edib ki, 2025-ci ilin ikinci rübündə dünyanın ən çox satılan smartfonu “iPhone 16” olub.

Qeyd edək ki, avqustun sonunda “GizmoChina” nəşri 2026-cı ilin ortalarının ən yaxşı flaqman smartfonlarını da açıqlayıb. Siyahıda “Samsung Galaxy S26 Ultra”, “Oppo Find X9 Ultra” və “iPhone 17 Pro Max” kimi modellər yer alıb.

MONETAR.AZ