Şamaxıda texniki üzüm sortlarının kütləvi yığımına başlanılıb

Şamaxıda texniki üzüm sortlarının kütləvi

Şamaxıda üzüm yığımının qızğın dövrü başlayıb. Günün isti saatlarından yayınmaq üçün işçilər səhər tezdən bağlara çıxaraq yetişmiş salxımları toplayırlar. Hazırda rayonda texniki üzüm sortlarının kütləvi yığımı aparılır. Yığılan məhsul əvvəlcə yeşiklərə yığılır, daha sonra emal müəssisələrinə və satış məntəqələrinə göndərilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şamaxıda ümumilikdə 1 942 hektar üzüm bağı mövcuddur. Onlardan 1 858 hektarı məhsuldar sahələrdir. Rayonda həm süfrəlik, həm də texniki üzüm sortları becərilir.

Süfrəlik üzümün yığımına avqustun ortalarından başlanılıb və məhsul həm yerli bazarlara, həm də Bakı şəhərinə göndərilir. Texniki sortların yığımı isə hazırda geniş vüsət alıb və məhsul əsasən şərab emalı müəssisələrinə təhvil verilir.

Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Sərdar Ömərov bildirib ki, rayonda üzümçülük əsasən Şəhriyar qəsəbəsi, Çarxan, Adnalı, Məlikçobanlı, Meşəri, Mirikənd kəndləri, Məktəb qəsəbəsi və Böyük Xınıslı kəndi ərazilərində inkişaf etdirilir.

Onun sözlərinə görə, bu il məhsulun satışında ciddi problem yaşanmır. Üzüm bazarın tələbinə uyğun şəkildə satılır. Qiymətlər isə məhsulun sortundan, keyfiyyətindən və bazardakı mövcud vəziyyətdən asılı olaraq formalaşır.