Bitcoin 80 000 dollar həddini keçib

Bitcoin 80 000 dollar

Bitcoin psixoloji əhəmiyyət daşıyan 80 000 dollar səviyyəsini aşaraq bu gün Bakı vaxtı ilə saat 13:32-də  2,41% bahalaşıb və 80 339 dollar səviyyəsində ticarət olunub. Son günlərdə dolların zəifləməsi və kriptovalyutalara artan investor marağı qiymət artımını dəstəkləyən əsas amillərdən olub.

Bununla belə, texniki göstəricilər bazarda qısamüddətli risklərin artdığını göstərir.

Gündəlik RSI (Nisbi Güc İndeksi) 82 səviyyəsindədir ki, bu da bazarın aşırı alış zonasına daxil olduğunu göstərir. Belə göstərici adətən qiymətin çox sürətlə yüksəldiyini və yaxın müddətdə mənfəət realizasiyası və ya konsolidasiya ehtimalının artdığını ifadə edir. Bununla yanaşı, tarix göstərir ki, RSI-nin yüksək olması mütləq şəkildə dərhal eniş başlanacağı anlamına gəlmir və güclü yüksəliş tendensiyası müəyyən müddət davam edə bilər.

Digər tərəfdən, həftəlik MACD indikatorunun hələ də satış siqnalı verməsi qısamüddətli yüksəliş impulsu ilə ortamüddətli trend arasında ziddiyyət yaradır. Bu isə bazarda yüksəlişin davam etməsi ilə yanaşı, korreksiya riskinin də nəzərə alınmalı olduğunu göstərir.

Nəticə etibarilə, Bitcoin üçün 80 000 dollar səviyyəsinin üzərində möhkəmlənmək mühüm texniki əhəmiyyət daşıyır. Bu səviyyənin qorunması yüksəlişin davamı üçün müsbət siqnal sayılsa da, aşırı alış göstəriciləri fonunda yaxın günlərdə qiymətin konsolidasiya və ya qısamüddətli geriçəkilmə mərhələsinə keçməsi ehtimalı da yüksək olaraq qalır.

MONETAR.AZ