Azərbaycanda balıqçılıq sahəsini tənzimləyən yeni qanun qüvvəyə minib. Prezident İlham Əliyev Milli Məclisin 14 iyul 2026-cı il tarixində qəbul etdiyi “Balıqçılıq haqqında” Qanunu təsdiqləyib.
Yeni qanun Azərbaycanda balıqçılığın, o cümlədən balıq və digər su bioresurslarının ovunun, akvakulturanın təşkili və idarə edilməsinin, su bioresurslarının artırılması, istifadəsi və mühafizəsinin hüquqi əsaslarını müəyyən edir.
Qanuna əsasən, balıqçılıq sahəsində yaranan münasibətlər yalnız ov prosesi ilə məhdudlaşmır. Balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsi, eləcə də balıq məhsullarının minimum keyfiyyət və təhlükəsizlik tələblərinin təmin edilməsi ilə bağlı məsələlər də qanunun əhatə dairəsinə daxildir.
Sənəddə bildirilir ki, balıqçılıqla bağlı münasibətlər Konstitusiya, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Su Məcəlləsi və digər qanunvericilik aktları ilə birlikdə tənzimlənir. Bu sahədə “Qida təhlükəsizliyi haqqında”, “Heyvanlar aləmi haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Baytarlıq haqqında” və “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunların müddəaları da nəzərə alınır.
Yeni qanunda Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində balıqçılığın təşkili ilə bağlı ayrıca müddəalar yer alıb.
Belə ki, Xəzərin Azərbaycan sektorunda balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsi yeni qanunla yanaşı, su qanunvericiliyi, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr və digər beynəlxalq hüquq normaları əsasında həyata keçiriləcək.
Sərhəd su obyektlərində balıqçılıq fəaliyyəti isə su və dövlət sərhədi haqqında qanunvericilik, həmçinin Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr nəzərə alınmaqla tənzimlənəcək.
Ələt Azad İqtisadi Zonasında balıqçılıq sahəsində münasibətlər isə “Ələt azad iqtisadi zonası haqqında” Qanunun tələblərinə uyğun müəyyən ediləcək.
Yeni qanunun tələblərini pozan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaqlar.
Qeyd edək ki, yeni qanunun qüvvəyə minməsi ilə 27 mart 1998-ci il tarixli “Balıqçılıq haqqında” Qanun ləğv edilib.
Beləliklə, Azərbaycanda balıqçılıq və akvakultura sahəsində 28 ildən artıq müddətdə qüvvədə olmuş əvvəlki hüquqi çərçivə yenilənib və balıq və digər su bioresurslarının istifadəsi, artırılması və mühafizəsi ilə bağlı münasibətləri tənzimləyən yeni hüquqi baza yaradılıb.