Ucarda məktəblilərlə vətənpərvərlik mövzusunda görüş keçirilib

Ucarda məktəblilərlə vətənpərvərlik mövzusunda

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı, Ucar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ucar şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbində maarifləndirici tədbir təşkil olunub.

SHXÇDX-dan AZƏRTAC-a verilən məlumata görə, “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusuna həsr olunan görüşdə rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər, şəhid ailələri, müharibə iştirakçıları və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi, polkovnik-leytenant Füzuli İsmayılov müharibə dövründə gənclərin nümayiş etdirdiyi vətənpərvərlik nümunələrindən danışıb. O, gələcəyin əsgərləri olacaq çağırışçıların fiziki və psixoloji hazırlığının yüksək səviyyədə saxlanılmasının vacibliyini vurğulayıb. Həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təşviqi, onların zərərli vərdişlərdən uzaq tutulması istiqamətində görülən işlər barədə məlumat verib.

Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov isə ali təhsil müəssisələrinə qəbul olunmağa hazırlaşan gənclərə tövsiyələrini çatdırıb. O, xaricdə təhsil imkanları, təhsillə əlaqədar hərbi xidmətə çağırışa verilən möhlət, rəqəmsal inteqrasiya prosesləri və “MyGov” rəqəmsal hökumət platforması vasitəsilə vətəndaşlara göstərilən xidmətlər barədə ətraflı məlumat verib.

Görüş çərçivəsində narkotik vasitələr və digər zərərli vərdişlərə qarşı mübarizə məsələləri də diqqət mərkəzində olub. Gənclərin iştirakı ilə “Narkotiklərə yox deyək!” mövzusunda maarifləndirici çıxışlar dinlənilib.

Tədbirə qatılan şəhid ailələrinin üzvləri və Vətən müharibəsi iştirakçıları da çıxış edərək öz təəssüratlarını bölüşüb, iştirakçılarla fikirlərini bölüşüblər.

Qeyd edək ki, bu formatda maarifləndirici görüşlər ölkənin müxtəlif rayonlarında da keçirilib. Analoji tədbirlərin növbəti aylarda davam etdirilməsi planlaşdırılır.