Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür

Azərbaycan Silahlı Qüvvələrinin
26 İyun 2025 09:48

Bu gün - 26 iyun tarixində Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ili  qeyd olunur.

Azərbaycan Silahlı Qüvvələrinin əsası 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə Gəncə şəhərində qoyulmuşdur. Həmin qərara əsasən, müstəqil Azərbaycanın ilk nizami hərbi hissələrinin təşkili başlanmış və milli ordunun formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ordu fəaliyyətini dayandırmış, lakin 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Sovetinin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılmışdır.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası ordu quruculuğuna xüsusi önəm vermiş, bu sahədə kompleks islahatlar həyata keçirilmişdir. Hazırda Azərbaycan Silahlı Qüvvələri döyüş hazırlığı, peşəkarlıq səviyyəsi və maddi-texniki təchizatı baxımından regionun ən güclü ordusu hesab olunur.

Silahlı Qüvvələrin tərkibinə Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.

2020-ci ildə Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində parlaq Qələbə qazanaraq, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etmişdir. Bu Zəfər, Silahlı Qüvvələrin gücünü və xalqımızın iradəsini bütün dünyaya nümayiş etdirmişdir.

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə bütün hərbi qulluqçularımızı və veteranlarımızı təbrik edir, dövlətimizə və Ordumuza daim uğurlar arzulayırıq.


Oxşar xəbərlər