Cari ilin ilk 4 ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) daxil olan 160 min 283 müraciət ölkənin sosial müdafiə sistemində vətəndaşların hansı problemlərlə daha çox üzləşdiyini bir daha ortaya qoyub. Statistik göstəricilər ilk baxışdan sadəcə rəqəm təsiri bağışlasa da, onların arxasında həm sistemin yüklənməsi, həm də vətəndaşların məlumat çatışmazlığı səbəbindən yaşadığı çətinliklər dayanır.
Rəqəmlərə əsasən, hər ay orta hesabla 40 minə yaxın şəxs pensiya, müavinət, sosial yardım və digər məsələlərlə bağlı DSMF-yə müraciət edib. Ən çox müraciət isə pensiya təminatı sahəsində qeydə alınıb. Belə ki, 63 min 615 nəfər məhz pensiya məsələləri ilə bağlı fonda üz tutub. Bu göstərici ümumi müraciətlərin təxminən 40 faizini təşkil edir.
Pensiya müraciətlərinin yüksək olması sistemdə müəyyən anlaşılmazlıqların hələ də qaldığını göstərir. Xüsusilə əmək stajının hesablanması, pensiya kapitalının müəyyənləşdirilməsi və indeksasiya ilə bağlı suallar vətəndaşların ən çox çətinlik çəkdiyi istiqamətlərdəndir. Son illər sosial xidmətlərin rəqəmsallaşdırılması prosesi sürətlənsə də, yaşlı nəslin elektron sistemlərdən istifadə zamanı problemlərlə üzləşməsi müraciət sayını artıran əsas amillərdən biri hesab olunur.
Müraciət sayına görə ikinci yerdə müavinətlərlə bağlı məsələlər dayanır. Bu istiqamətdə 40 min 465 müraciət qeydə alınıb. Ünvanlı dövlət sosial yardımı ilə bağlı müraciətlərin sayı isə 27 min 128 olub. Sosial yardım sahəsində əsas problem kimi imtinaların çoxluğu göstərilir. Bir çox hallarda vətəndaşlar sistemin avtomatik şəkildə verdiyi imtina qərarlarının səbəblərini tam anlaya bilmir. Kommunal xərclərin müəyyən limiti aşması, ailə üzvlərinin adına avtomobil olması və digər texniki meyarlar yardımın verilməməsinə səbəb olur. Nəticədə insanlar müraciət etməyə məcbur qalırlar.
Statistikada fərdi uçot və sosial sığorta ilə bağlı müraciətlərin azlığı da diqqət çəkir. Cəmi 5 min 667 nəfərin bu istiqamətdə müraciət etməsi göstərir ki, vətəndaşların əksəriyyəti gələcək pensiya təminatı üçün vacib olan sosial sığorta məsələlərinə yetərincə diqqət ayırmır. Əksər insanlar yalnız pensiya yaşına çatdıqdan sonra problemlə üzləşəndə sənədlərini yoxlamağa başlayır.
Mövcud vəziyyət sosial xidmətlərin həm texnoloji, həm də kommunikasiya baxımından yenilənməsini tələb edir. Pensiya və sosial yardım kalkulyatorlarının daha sadə və anlaşıqlı formada hazırlanması, regionlarda sosial məsləhət xidmətlərinin genişləndirilməsi, eləcə də rəqəmsal savadlılığı zəif olan şəxslər üçün xüsusi sosial bələdçi xidmətinin yaradılması vacib addımlar hesab olunur.
Mütəxəssislərin fikrincə, xidmət keyfiyyətinin artırılması üçün yalnız tam avtomatlaşdırma kifayət deyil. Çünki sosial müdafiə sahəsi birbaşa insan amili ilə bağlıdır və bəzi hallarda vətəndaşın problemini canlı ünsiyyət olmadan həll etmək mümkün olmur. Buna görə də ən optimal variant rəqəmsal xidmətlərlə yanaşı, vətəndaşlara birbaşa dəstək göstərən mexanizmlərin paralel şəkildə inkişaf etdirilməsidir.
MONETAR.AZ