Ombudsman Avropa, Asiya və Afrikadan qonaqlar üçün 5 ulduzlu otel sifariş edir

Ombudsman Avropa, Asiya və Afrikadan

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) beynəlxalq səviyyəli tədbirin təşkili ilə bağlı açıq tender elan edib.

Rəsmi məlumatlara əsasən, tədbirin ümumi ehtimal olunan dəyəri 159 min manatdır. Tender 12 may 2026-cı ildə elan olunub, təkliflərin son təqdim olunma tarixi isə 20 may 2026-cı il saat 11:00-dır. Zərflərin açılışı həmin gün keçiriləcək.

Tədbirin mövzusu “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyət” olaraq müəyyən edilib.

Tender çərçivəsində Avropa, Asiya və Afrika ölkələrindən 30 nəfər qonağın iştirakı nəzərdə tutulur. Onların səfəri üçün aviabiletlər, Səbail rayonu ərazisində 5 ulduzlu oteldə yerləşmə və VIP transfer xidmətləri satın alınacaq.

Bundan əlavə, 200 nəfərlik konfrans zalının icarəsi, sinxron tərcümə avadanlığı və tərcümə xidmətləri, eləcə də Qobustana səfər daxil olmaqla nəqliyyat təminatı da layihəyə daxildir.

Tədbir proqramında həmçinin nahar və şam yeməkləri, ziyafət gecəsi, mətbəə və hədiyyə xidmətləri, eləcə də müxtəlif təşkilati və logistika xərcləri nəzərdə tutulur.

MONETAR.AZ