2026-cı ilin 4 ayı üzrə açıqlanan sosial-iqtisadi göstəricilər əhalinin gəlirlərində artımın davam etdiyini göstərsə də, inflyasiya amili alıcılıq qabiliyyətinə təsir etməkdə davam edir. Rəsmi statistikaya görə, həm əməkhaqlarında, həm də ümumi gəlirlərdə artım qeydə alınıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə hesabat dövründə əhalinin nominal gəlirləri 28 milyard 702,4 milyon manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz artım deməkdir. Müqayisə üçün qeyd edək ki, ilin ilk rübündə gəlirlərin artım tempi 7 faiz olmuşdu. Bu isə aprel ayında gəlirlərdə daha sürətli artım müşahidə olunduğunu göstərir.
Orta aylıq nominal əməkhaqqı da yüksəlib. 2026-cı ilin yanvar-mart aylarının nəticələrinə əsasən, ölkədə orta aylıq əməkhaqqı 1 151,5 manata çatıb. Bu, illik müqayisədə 6,2 faiz artım deməkdir. İlk rübdə əməkhaqqı artımı 5,3 faiz səviyyəsində idi.
Bununla yanaşı, inflyasiya göstəriciləri sosial rifahın real təsirini müəyyən edən əsas amillərdən biri olaraq qalır. İlin ilk dörd ayında istehlak qiymətləri indeksi 5,6 faiz artıb. İlk rübdə bu göstərici 5,7 faiz idi. İnflyasiya tempində cüzi azalma müşahidə olunsa da, qiymət artımları hələ də əhalinin gündəlik xərclərinə təsir göstərir.
Nominal gəlirlərin və maaşların artması müsbət tendensiya sayılsa da, əsas məsələ real gəlirlərin necə dəyişməsidir. Çünki əməkhaqqı və gəlirlər inflyasiya səviyyəsinə yaxın templə artdıqda, vətəndaşların alıcılıq qabiliyyətində ciddi dəyişiklik hiss olunmur.
MONETAR.AZ