Bakı Dövlət Universitetinə "Zam" gəldi: İnflyasiyadan bir neçə dəfə çox

Bakı Dövlət Universitetində (BDU) 2025-2026-cı tədris ili üçün bır sıra ixtisasların illik təhsil haqları artırılıb.
Modern.az-ın məlumatına görə, artım 100-600 manat aralığındadır.
Belə ki, I qrupda mühəndislik ixtisasları (ekologiya , geologiya və geofizika, geomatika və geodeziya, kimya, mədən və sair mühəndislikləri) üzrə illik təhsil haqları ötən il 2100 manat olduğu halda bu il 2700 manatdır. Bu qrupda müəllimlik ixtisaslarının illik təhsil haqları 100-200 manat bahalaşıb.
Fizika, kompüter elmləri, geologiya, mexanika, riyaziyyat ixtisaslarında isə artım 400 manat artaraq 2500 manata çatıb.
II ixtisas qrupunda da demək olar ki, bütün ixtisaslar üzrə qiymət artımı müşahidə edilib. Ötən il 3000 manata olan bəzi ixtisasların (Beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, iqtisadiyyat və sair) illik təhsil haqları bu il 3200 manat təşkil edib.
III qrupda filologiya ixtisasları 100-300 manat aralığında bahalaşıb, hüquqşünaslıq ixtisasının illik təhsil haqqı dəyişməyib (4500 manat). Regionşünaslıq ixtisasları 400 manat, politologiya ixtisasında 200 manat artım qeydə alınıb. IV qrupda isə psixologiya ixtisası 500 manat, müəllimlik ixtisasları 200 manat artıb.
Bakı Dövlət Universitetində 2025-2026-cı tədris ili üçün ixtisasların təhsil haqlarında baş verən faiz artımları aşağıdakı kimidir:
-
Mühəndislik ixtisasları (ekologiya, geologiya, geofizika, geomatika, geodeziya, kimya, mədən və sair): 28,57 %
-
Fizika, kompüter elmləri, geologiya, mexanika, riyaziyyat ixtisasları: 16 %
-
Beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, iqtisadiyyat və sair: 6,67 %
-
Filologiya ixtisasları: 13,33 %
-
Regionşünaslıq ixtisasları: 16 %
-
Politologiya ixtisası: 8 %
-
Psixologiya ixtisası: 16,67 %
-
Müəllimlik ixtisasları: 13,33 %
Azərbaycanda illik inflyasiya 6 faiz ətrafındadır. Təhsil haqlarının artımı isə illik inflyasiyadan bir neçə dəfə yüksəkdir. Bakı Dövlət Universitetinin təhsil haqlarının artması xüsusilə sosial cəhətdən əlverişsiz şəraitdə olan ailələr üçün ciddi bir problem yarada bilər. Təhsil hər kəs üçün əlçatan olmalıdır, amma təhsil haqlarının bu cür yüksək artımları sosial ədalətə zidd ola bilər.
MONETAR.AZ