ABŞ Rusiyadan dəniz məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətləri daha bir il müddətinə uzadıb. Bu barədə Qərb mətbuatı məlumat yayıb.
Məlumata görə, qadağanın müddəti 2026-cı il aprelin 15-də başa çatmalı idi. Lakin mart ayının sonunda fövqəladə vəziyyət rejiminin uzadılması ilə məhdudiyyətlərin qüvvədə qalması təmin olunub.
Beləliklə, yalnız Rusiyadan birbaşa idxal deyil, həm də üçüncü ölkələr vasitəsilə emal olunmuş və tərkibində Rusiya mənşəli qızılbalıq, treska, mintay və krab olan məhsulların ABŞ bazarına çıxışı məhdudlaşdırılıb.
Ekspertlərin fikrincə, bu qərarın qəbulunda Alyaska ştatının mövqeyi mühüm rol oynayıb. Yerli hakimiyyətlər bildirir ki, qadağanın ləğvi ABŞ-ın balıqçılıq sənayesinin bərpasına mənfi təsir göstərə bilər.
Qeyd olunur ki, 2022-ci ildən tətbiq edilən məhdudiyyətlərdən sonra Rusiya balıq ixracını əsasən Asiya bazarlarına yönəldib. Xüsusilə Çin, Cənubi Koreya və Yaponiya əsas istiqamətlərə çevrilib.
Mütəxəssislər bildirirlər ki, ABŞ bazarının itirilməsi tam kompensasiya olunmasa da, yeni bazarlar sayəsində ixracın fiziki həcmlərini qorumaq mümkün olub. Bununla belə, logistik xərclərin artması və qiymətlərin aşağı düşməsi ixracatçıların gəlirlərinə mənfi təsir göstərir.
Digər tərəfdən, bəzi qiymətləndirmələrə görə, məhdudiyyətlər ABŞ-da istehlakçılar üçün də qiymət artımına səbəb olub. Xüsusilə krab məhsulları üzrə təklifin azalması bazarda bahalaşma ilə nəticələnib.
MONETAR.AZ