Dünyanın ən böyük gübrə ixracatçılarından biri olan Fertiglobe şirkətinin baş direktoru Əhməd əl-Hoşi bildirib ki, azot gübrələrinin qiyməti artıq müharibədən əvvəlki səviyyədən təxminən iki dəfə yüksək olsa da, artım davam edə bilər. Bu barədə Bloomberg yazır.
Onun sözlərinə görə, buna səbəb Hörmüz boğazı vasitəsilə Fars körfəzindən həyati əhəmiyyətli tədarüklərin İran münaqişəsi səbəbindən uzun müddət bloklanmasıdır.
“Fermerlər üçün vəziyyət çox ağırdır”Əl-Hoşi bildirib: “Vəziyyət fermerlərin iqtisadiyyatı üçün son dərəcə çətindir və bu, sonda taxıl və ərzaq qiymətlərinin artmasına gətirib çıxara bilər.”
Qlobal tədarükdə kəskin azalmaMüharibə faktiki olaraq Hörmüz boğazında gəmiçiliyi iflic edib və bu, dünya üzrə dəniz gübrə ixracının təxminən üçdə birini dayandırıb.
Ən çox zərər azot gübrələrinə (karbamid və ammonyak) dəyib. Fosfor və kalium gübrələrindən fərqli olaraq, bu məhsullar məhsuldarlığı qorumaq üçün hər il torpağa əlavə edilməlidir.
Fertiglobe hesablamalarına görə, regiondan karbamid ixracı mart ayında 1,7 milyon tondan 300 min tona düşüb.
Fermerlər üçün yeni risklərƏrzaq məhsullarının qiymətləri 2022-ci ildən fərqli olaraq gübrə və yanacaq bahalaşmasını hələ tam kompensasiya etmir. Bu səbəbdən fermerlər xərcləri qarşılaya bilmir.
Əl-Hoşi xəbərdarlıq edir ki, fermerlər ya gübrə istifadəsini azalda, ya da buğda, düyü və qarğıdalı kimi məhsullardan daha az tələb olunan bitkilərə keçə bilərlər.
Qlobal təsirFertiglobe artıq Sub-Sahara Afrika və Avstraliya bölgələrində tələbatın azalmasını qeydə alır. Eyni zamanda Braziliya da risk altındadır, çünki orada gübrə mövsümü başlayır. ABŞ-də isə fermerlərin may ayının ortasınadək tədarük alması əkin mövsümü üçün kritik əhəmiyyət daşıyır.
Böhran dərhal bitməyəcəkHörmüz boğazı tezliklə açılsa belə, çatışmazlığın aradan qaldırılması vaxt aparacaq. Hazırda boğazda yükləri bloklanmış “anbar-gəmilər” dayanır və orada yüz minlərlə ton məhsulun ilişib qaldığı ehtimal olunur.
Fertiglobe rəqiblərlə müqayisədə daha yaxşı vəziyyətdədir, çünki Misir və Əlcəzairdə zavodları var. Şirkətin Əbu-Dabidakı obyektləri isə Oman sahillərinə və Fuceyra limanına yaxın yerləşdiyi üçün blokadanı qismən yan keçən quru marşrutlardan istifadə imkanı verir.
MONETAR.AZ