ABŞ-da şəkər fyuçerslərinin qiyməti 15,5 sent səviyyəsində ticarət olunub. Bu martın 20-də qeydə alınan 15,7 sentlik son 5 ayın ən yüksək həddindən bir qədər aşağıdır.
Qiymət dinamikasına beynəlxalq neft bazarındakı dəyişikliklər və geosiyasi amillər təsir göstərib. ABŞ Prezidenti Donald Trampın İranın elektrik stansiyalarına mümkün hücumları 5 gün təxirə salması Yaxın Şərqdə gərginliyin azalacağına dair gözləntiləri artırıb. Bu isə neft qiymətlərinin aşağı düşməsinə səbəb olub.
Enerji xərclərinin azalması əsas şəkər istehsalçıları olan Braziliya və Hindistanda istehsalın artmasına təkan verə bilər. Bu şəraitdə şəkər qamışının daha çox şəkər istehsalına yönəldilməsi, etanol istehsalının isə azalması ehtimal olunur.
Eyni zamanda, Hindistanın şəkər emalçıları qısa fasilədən sonra ixracı bərpa ediblər və bir həftə ərzində 100 min ton həcmində müqavilələr imzalayıblar. Zəif rupi və yüksək qlobal qiymətlər ixracı daha cəlbedici edib.
Sənaye nümayəndələrinin sözlərinə görə Hindistandan ixracın artması Asiya və Afrika bazarlarında alıcıların daha münasib qiymətlərlə şəkər əldə etməsinə şərait yarada bilər.
MONETAR.AZ