Dünya ölkələrinin hökumətləri yaz əkin mövsümü ərəfəsində həyati əhəmiyyətli gübrələrin tədarükünü təcili şəkildə axtarır. Bu barədə Bloomberg məlumat yayıb. Yaxın Şərqdə davam edən müharibə və Hörmüz boğazı ətrafında yaranmış faktiki blokada xammal ixracını iflic edərək qlobal ərzaq böhranı riskini artırır.
Yaxın Şərq gübrə istehsalı üçün vacib olan mineralların və qazın əsas təchizatçılarından biridir. Boğazın bağlanması nəticəsində dünya üzrə karbamid (sidik cövhəri) ixracının üçdə birindən çoxu, ammonyakın təxminən dörddə biri və kükürdün yarısına yaxını risk altına düşüb. Bu fonda ən geniş istifadə olunan azot gübrəsi olan karbamidin qiyməti kəskin şəkildə yüksəlir.
Böhran iri kənd təsərrüfatı iqtisadiyyatlarında ciddi narahatlıq yaradıb:
- Çin və Rusiya kimi əsas ixracatçılar xammal ixracını məhdudlaşdırır;
- ABŞ daxili daşımalar üzrə məhdudiyyətləri yumşaldır və fermerləri qorumaq üçün Venesuela gübrələrinə tətbiq edilən sanksiyaları aradan qaldırır;
- Dünyanın ən böyük karbamid alıcısı olan Hindistan qaz çatışmazlığı səbəbindən zavodların bağlanması fonunda Çindən təcili tədarük axtarır;
- Braziliya isə Mərakeşdən idxalı sürətlə artırır.
Analitiklərin fikrincə, hazırkı böhran 2022-ci ildəki logistika şoklarından daha təhlükəlidir. O zaman Rusiya ixracını digər bazarlara yönləndirmək mümkün olmuşdu, lakin indi Yaxın Şərqdən tədarüklər fiziki olaraq Hörmüz boğazında bloklanıb.
Xammal əldə etmək üçün alıcılar daha yüksək qiymətlər ödəməyə məcbur qalır. Bu şəraitdə Rusiya bəzi gübrə növlərinin ixracına müvəqqəti məhdudiyyət tətbiq edib, lakin Kreml ölkənin hələ də qlobal tələbatı qarşılaya bilən azsaylı təchizatçılardan biri olduğunu vurğulayıb.
Braziliyanın INEEP təşkilatının texniki direktoru Tiziana Alvarez bildirib ki, bu resurs qlobal ərzaq təhlükəsizliyində həlledici rol oynayır və regional tədarük zəncirlərini qurmağa başlamayan ölkələri çətin dövr gözləyir.